Xəbər lenti

Gorus-Qafan yolunun bağlanması rus "sülhməramlılarına" mesajdırsa... - Politoloq
Siyasət07:35 27.08.2021

Gorus-Qafan yolunun bağlanması rus "sülhməramlılarına" mesajdırsa... - Politoloq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Laçın-Xankəndi yoluna nəzarət imkanı doğrudur, amma yetərli deyil. Bu xüsusda Laçında edə bilmədiyimizi Gorus-Qafan yolunu bağlamaqla etdik. Qısa müddətli də olsa, İrandan Ermənistana yoxlanış nəzarətini həyata keçirə bilmədiyimiz ticarət yolunu bağlamaqla Qarabağdakı erməni separatçılarına yanacaq və silah daşınmasının qarşısını aldıq və bu da doğru addımdır, ancaq yetərli deyil”.
Qaynarinfo xəbər verir ki, bunu politoloq Natiq Miri bildirib. Onun fikrincə, bağlanan bu yolun alternativi artıq Ermənistan tərəfindən inşa olunur:
"Demək ki, problemin kökündən həlli Ermənistandan gələn Laçın yolunun bağlanmasıdır. Bu addım heç də Paşinyanın Zəngəzur dəhlizinin açılmasına razılıq verməməsi ilə əlaqəli deyil, çünki məsələni bu cür qoysaq, Paşinyan kimilərinin və havadarlarının bu yöndə spekulyativ fikirləri ilə qarşılaşa bilərik ki, bu da bizi əsas qayədən uzaqlaşdırar. Laçın yolunun birtərəfli qaydada bağlanması 10 Noyabr bəyanatının 4-cü bəndinin (qanunsuz erməni silahlı birləşmələrinin Qarabağdan çıxarılması) yerinə yetirilməməsi ilə əsaslandırılmalıdır. Çünki imzalanan bu sənəd bir bütündür və atəşkəsin təmin olunmasından tutmuş bütün müddəaların yerinə yetirilməsi labüddür. Bir müddəanın yerinə yetirilməməsi heç bir müddəanın yerinə yetirilməməsi anlamına gəlir”.
Natiq Miri hesab edir ki, Gorus-Qafan yolunun bağlanması Laçın yolunun bağlanmasına aparan yoldursa və bu, rus "sülhməramlılarına" mesajdırsa, doğrudur:
"Rusiyanı hüquqi zəmində, öz silahı ilə vurmaq lazımdır və bu ardıcıl, davamlı olduğu təqdirdə doğru nəticəyə çatacaq”.
Bahar Rüstəmli