
"Meriyadan mitinqlə bağlı müraciətimizə cavab gözləyirik".
Bu sözləri Qaynar.info saytına açıqlamasında Müsavat Başqanının müavini, Milli Şuranın üzvü Gülağa Aslanlı deyib.
Gülağa Aslanlının sözlərinə görə, mitinq üçün yer Bakının Yasamal rayonundakı keçmiş “Məhsul” stadionu göstərilib: "Ümid edirik ki, müraciətimizə müsbət cavab veriləcək. Əgər müsbət cavab almasaq, atacağımız addımlar haqqında mətbuatı məlumatlandıracağıq".
Gülağa Aslanlı həmçinin Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov Milli Şuranın növbəti aksiyasında təxribat ola biləcəyi anonsuna da münasibət bildirib.
Gülağa Aslanlı qeyd edib ki, bu açıqlamayla Siyavuş Novruzov özünün təfəkkür tərzini göstərmiş oldu: "Bu sözləriylə Siyavuş Novruzov bir daha hüquqi dövlətdə yaşamadığımızı bizə çatdırdı. Bunlar qanunları özlərinə sərf edəcək formada işlətmək istəyirlər. Əslində, bu çağrışa görə Siyavuş Novruzova cinayət işi açılmalı idi. Çünki burada açıq formada gəncləri təxribata çağrış var. Ümid edirik ki, adiyyatı orqanlar bu məsələni diqqətdə saxlayacaqlar".
Xatırladaq ki, Milli Şura oktyabrın 20-nə "Tələb Edirik" adlı mitinq təyin edib. Bundan əvvəl isə Milli Şura bir neçə dəfə “Məhsul” stadionda mitinq keçirib.
Elkin Xəlilov
Qaynar.info