"Gürcüstanın baş naziri bu sahədə qeyri-peşəkardır. Vasitəçilik etmək Qaribaşvilinin bacaracağı siyasi yük deyil”.
Qaynarinfo-ya açıqlamasında bunu politoloq Cümşüd Nuriyev Gürcüstan baş naziri İrakli Qaribaşvilinin Tiflisin Azərbaycanla Ermənistan arasında vasitəçi olmağa hazır olduğu barədə verdiyi bəyanata münasibət bildirərkən deyib:
"Tiflisin, bilavasitə də Qaribaşvilinin indiyə qədər hansısa barışdırıcılıq missiyasını həyata keçirməsilə kimsə tanış deyil. İkincisi, ərazi məsələsilə bağlı Gürcüstanla Ermənistan arasında da ciddi problemlər var. İrəvan Gürcüstan ərazisinə də iddia edir. Ona görə də Tiflisin burada vasitəçi olması danışıqların uzadılmasına gətirib çıxarardı”.
Digər tərəfdən, həmsöhbətimizə görə, Tiflis nə Vaşinqton, nə Brüssel, nə də Moskva ilə siyasi rəqabət aparmaq qabiliyyətindədir:
"Təbii ki, istərdik ki, Tiflis də prosesdə vasitəçi olsun. Azərbaycanla Gürcüstan arasında münasibətlər çox yüksək səviyyədədir. Gürcüstanın bu missiyanı yerinə yetirmək imkanlarının olmamasına baxmayaraq, burada bir səmimiyyət, həqiqət görürük. Gürcüstan hökuməti bu açıqlama ilə Azərbaycana olan etibar və sədaqətini göstərmək istəyir. Amma siyasət daha çox gücü qəbul edir. Gürcüstan isə belə gücə malik deyil. Bu səbəbdən Tiflisin təklifinə qeyri-ciddi baxırlar. Olmayacaq bir şeyə "amin” demək sadəlövhlük olardı”.
Qeyd edək ki, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili parlamentdə çıxışı zamanı ölkəsinin hələ də Azərbaycan və Ermənistan arasında vasitəçi olmağa hazır olduğunu bildirib.
Rüfət Sultan