Gürcüstan prezidenti Salome Zurabişvili 28 noyabrda Tbilisidə hakimiyyətin Aİ ilə danışıqlardan imtina etməsinə qarşı keçirilən dinc etiraz aksiyasında etirazçılara qarşı güc strukturlarının hərəkətlərinə münasibət bildirib.
Qaynarinfo xəbər verir ki, Zurabişvili bu barədə X (Twitter) sosial şəbəkəsində açıqlama
yayımlayıb.
O, etirazçıların, o cümlədən Tbilisidəki bir aptekdə saxlanılması anlarının görüntülərini şərh edərək qeyd edib ki, Gürcüstanda artıq təhlükəsiz bir yer qalmayıb: nə kilsə həyətində, nə də aptekdə, çünki hər yerdə etirazçıları "robotlar" təqib edir.
"Rusiya hökuməti, Rusiya metodları", – deyə Zurabişvili Gürcüstan hökumətini və dinc aksiyanın zorakılıqla dağıdılmasını tənqid edib.
29 noyabr gecəsi Gürcüstan Daxili İşlər Nazirliyinin xüsusi təyinatlıları Tbilisinin mərkəzində hökumətin avrointeqrasiya qərarını dayandırmasına görə başlanan aksiyanı sərt şəkildə dağıdıb. Güc strukturları etirazçılara qarşı su şırnaqları və gözyaşardıcı qazdan istifadə edib.
Bundan əlavə, onlar etirazçıları və media nümayəndələrini kobud şəkildə saxlayıb və döyüblər.
28 noyabr axşamı Gürcüstanın Baş naziri İrakli Kobaxidze keçirdiyi brifinqdə Aİ-yə üzvlüklə bağlı danışıqların dayandırılacağını açıqlayıb. Onun sözlərinə görə, Tbilisi 2028-ci ilin sonuna qədər Aİ ilə danışıqlara başlamayacaq və 2030-cu ilə qədər Aİ-yə üzv olacaq.
Kobaxidze bu qərarı bəzi Avropa siyasətçiləri və bürokratlarının Gürcüstana qarşı "şantaj"ı ilə izah edib.
Alpər
Şərhlər