Siyasət 16:22 24.06.2022

Gürcüstan qaynayır, Borçalıda isə sakitlikdir - Ekspert

Artıq bir neçə gündür ki, Gürcüstanın paytaxtı Tiflisdə ölkənin Avropa kursunun dəstəklənməsi məqsədilə genişmiqyaslı aksiyalar keçirilir. Təşkil edilmiş aksiyalarda "Vətən, Avropaya” şüarı səsləndirilir. Aksiya "Sirtsxvilia” (Utanc) hərəkatı tərəfindən təşkil edilsə də, müxtəlif siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının nümayəndələri, eləcə də ictimai fiqurlar da prosesdə aktiv iştirak edirlər. İştirakçılar ölkə hakimiyyətindən Qərb qarşı siyasətinə və ritorikasına son verməsini tələb edir. Aksiyada Rusiya əleyhinə və Ukraynanı dəstəkləyən şüarlar səsləndirilib.  

Qeyd edək ki, Avropa Komissiyası Ukrayna və Moldovadan fərqli olaraq Gürcüstana namizəd statusu verməyib. Maraqlıdır, Gürcüstanın Borçalı və digər bölgələrində kompakt yaşayan azərbaycanlılar bu aksiyalara qoşulurmu? 

Qaynarinfo-ya açıqlamasında Haqq Ədalət Partiyası Ali Məclisinin sədri, əslən Borçalıdan olan Zəlimxan Məmmədli bildirib ki, Gürcüstanda yaşayan soydaşlarımız da bu ölkənin ictimai-siyasi həyatında müəyyən dərəcədə rol oynayırlar. Amma o, hələ də bu məsələdə kütləviliyə nail olunmadığını da diqqətə çatdırdı:
 
"Gürcüstanda yaşayan ictimai və siyasi cəhətdən fəal olan soydaşlarımız sözsüz ki, bu kimi tədbirlərə dəstək verir, prosesdə iştirak edirlər. Bu dəfə baş verən aksiyada da müəyyən qədər soydaşımızın iştirak etdiyi bildirilir. Amma təəssüf ki, hələlik Gürcüstandakı soydaşlarımızın belə məsələlərdə kütləviliyini müşahidə edə bilmirik. Hər halda, Gürcüstanın ictimai-siyasi həyatında soydaşlarımızın iştirakı çox önəmlidir. Bu onlara gələcəkdə vətəndaş hüquqlarının təmini istiqamətində əlavə üstünlüklər verə bilər - prosesdə iştitak etsən, haqqını alacaqsan, əks halda yox”. 

Rüfət Sultan