
"Gürcüstanda seçkidən sonra hansısa formada böyük dəyişikliklərin olacağı ehtimalı azdır”.
Bunu Qaynarinfo-ya açıqlamasında analitik İlkin Həsənli Gürcüstanda keçirilən parlament seçkilərinin nəticələrindən danışarkən deyib. Analitik hesab edir ki, iqtidar partiyası seçkidən sonra çox ağıllı davranır:
"İndiki mərhələdə iqtidarın atdığı addımlar həm daha ehtiyatlıdır, həm də daha çox hesablanmış addımlardır. Bu baxımdan böyük dəyişikliklərin olması görünmür. Amma müəyyən güzəştlərə gediləcəyi, geri addım atılacağı ehtimalları da mövcuddur”.
İlkin Həsənli bildirib ki, seçkidən sonra Gürcüstanda müxalifətin hansısa formada etiraz aksiyası keçirəcəyi və hökümətə qarşı sərt tələblərlə çıxış edəcəyi ehtimalı onsuz da mövcud idi:
"Yəni, proses gözlənilməz olmadı. Saakaşvilinin də geri dönmə bəyanatının səsləndirməsi və seçkiyə kimi olan müddət ərzində baş verən proseslərə nəzər salanda bu, gözlənilən idi. Seçki sisteminin dəyişdirilməsi prosesi həm müxalifətə ümid verirdi ki, parlamentdə daha çox yer əldə edəcək, həm də iqtidardan ayrılan müəyyən narazı qüvvələr var ki, onlar iqtidarın özü üçün problemlər yaradırdılar. İndiki dövrdə müxalifətin atdığı ən ağıllı addımlardan biri əvvəlki dövrlərdə olduğu kimi etiraz aksiyalarını parlamentin qarşısında deyil, bir başa Mərkəzi Seçki Komissiyasının qarşısında keçirir. Bu da müxalifət tərəfindən atılan ən önəmli addımlardan biridir”.
Bəz, proseslər bundan sonra necə olacaq?
Analitik qeyd edib ki, hansısa hadisələrin olacağı ehtimalı hələ ki, azdır:
"Amma bu o demək deyil ki, Gürcüstanda hansısa formada mühüm dəyişikliklər olsun. Bir şey də var ki, hələ Gürcüstanda seçkinin nəticələri tam müəyyənləşməyib. Hələ majoritar dairələrdə müəyyən pozuntular var. O pozuntularla bağlı yenidən seçki keçirilməlidir. Bununla belə, müxalifətin hansısa etiraz aksiyaları ilə bağlı böyük dəyişikliklər əldə edəcəyi ehtimalı hələ ki azdır”.
Qeyd edək ki, oktyabrın 31-də parlament seçkiləri keçirilib. Gürcüstanın Mərkəzi Seçki Komissiyasının ilkin nəticələrə əsasən, Gürcü Arzusu Partiyası 49,32%, Vahid Milli Hərəkat Partiyası 25,94%, Avropalı Gürcüstan Partiyası isə 3,77% səs əldə edib.
Bahar Rüstəmli