"Tiflis yaxın gələcəkdə öz ərazi bütövlüyünü bərpa etmək üçün bəzi təcrübələrdən, o cümlədən Azərbaycanın 44 günlük müharibədə qazandığı qələbədən öyrənmək və yararlanmaqda maraqlıdır”.
Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov Gürcüstanda keçiriləcək Azərbaycan-Türkiyə-Gürcüstan müdafiə nazirlərinin görüşünü şərh edərkən deyib. Həmsöhbətimiz qeyd edir ki, görüşdə həmçinin, gələn il üçün üç ölkənin müdafiə istiqamətində görəcəkləri işlər də müzakirə predmeti olacaq:
"Uzun müddətdir ki, hər il Türkiyə, Azərbaycan və Gürcüstan birgə təlimləri keçirilir. Bu istiqamətdə gələn il üçün də çoxsaylı işlər nəzərdə tutulub. Üç ölkənin Müdafiə nazirlərinin görüşündə bu məsələlərin müzakirəsi gözlənilr. Gürcüstandakı görüşdə görülən işlər və gələn il üçün görüləcək işləri bərabər müzakirə edib, bir sıra qərarlar verəcəklər. Danışıqlar əsnasında bir sıra digər məsələlərin müzakirəsi də baş verə bilər. Belə ki, son zamanlar Tiflis bölgədə sülhyaratma missiyası rolunda çıxış edir. Bu mənada görüşdə regional məsələlərin müzakirəsi də gözləniləndir”.
Ekspert onu da vurğulayıb ki, Tiflis Ordu quruculuğu sahəsində Azərbaycanın və NATO üzvü olaraq Türkiyənin təcrübəsini öyrənmək istəyindədir:
"Bilirsiniz ki, Gürcüstanın ərazisi də işğal altındadır. Bu fonda Tiflisin Bakıdan bəzi məsələləri öyrənəcəyi istisna deyil. Sirr deyil ki, Tiflis yaxın gələcəkdə öz ərazi bütövlüyünü bərpa etmək üçün müəyyən təcrübələrdən, o cümlədən Azərbaycanın 44 günlük müharibədə qazandığı təcrübədən öyrənmək, yararlanmaq marağındandır. Türkiyə Gürcüstan Silahlı Qüvvələrinin NATO standartına uyğun hazırlanmasına məsul dövlətdir. Üçtərəfli görüşdə yəqin ki, bu işin sürətləndirilməsi məsələsi də müzakirə mövzusu olacaq. Hər halda, bu görüş, həm Bakı, həm də Tiflis üçün faydalı olacaq məsələlərin müzakirəsinə həsr olunacaq”.
Rüfət Sultan