Dünya 14:00 04.07.2022

Gürcüstanda nə baş verir? - Gürcü politoloqun şərhi

Dünən Gürcüstanın paytaxtı Tiflisdə "Evə, Avropaya” şüarı altında növbəti mitinq keçirilib. Mitinq təşkilatçıları ultimatumla çıxış edərək, baş nazir İrakli Qaribaşvilinin istefasını tələb ediblər. Mitinqçilər Tiflisin Avropa İttifaqına üzvlüyə namizəd statusu həll edilməyənə qədər aksiyanın davam edəcəyini bildiriblər. 

Qeyd edək ki, Avropa İttifaqının Ukrayna və Moldovadan fərqli olaraq Gürcüstana quruma üzvlük üçün namizədlik statusunu verməməsi fonunda Tiflisdə etiraz aksiyalarına start verilib. Aksiya iştirakçıları belə bir vəziyyətin yaranmasına görə İrakli Qaribaşvili hökumətini günahkar sayır.

Gürcüstanda keçirilən növbəti aksiyanı Qaynarinfo-ya şərh edən gürcü politoloq Giya Xuxaşvili başlanan bu prosesin uzun müddət çəkəcəyini bildirib: 

"Mitinq siyasi xarakterli mitinq deyil. Hökumətə qarşı çıxış edənlər ictimaiyyət nümayəndələri olub. Mitinq iştirakçıları Avropaya inteqrasiyanı dəstəkləyiblər. Aksiya zamanı, namizədlik statusunun alınması üçün Avropa İttifaqının Gürcüstan qarşısında qoyduğu tələblərin yerinə yetirilməsi tələb edilib. Başlanan aksiyalar böyük bir prosesin tərkib hissəsidir. Onun öz məqsədinə çatıb-çatmayacağı barədə indidən nəsə demək çətindir. Bu uzun, çətin bir prosesdir. Prinsipcə yürüdülən siyasəti tənzimləmək və tələbləri yerinə yetirmək üçün hələ 6 ay vaxt var. Bir mitinqlə nəyəsə nail olmaq mümkün deyil. Hər halda aksiya baş tutdu. Xeyli insan gəlmişdi. Bəzi səhvlər də buraxıla bilər. Bu da başa düşüləndir. Çünki mitinqi təşkil edənlər siyasilər deyil, ictimaiyyət nümayəndələri olub. Məqsəd birdir. Gürcüstanın Avropaya inteqrasiyasını sürətləndirmək”.

Həmsöhbətimiz mitinqçilərin Qaribaşvilinin istefası tələbinin yalnız bir halda baş tutacağı qənaətindədir:
 
"Qaribaşvili yalnız bir halda, Bdzina İvanişvilinin göstərişi əsasında istefaya gedəcək. Onu xalq seçməyib, xalq qarşısında cavabdeh deyil. Qaribaşvili yalnız bir nəfər qarşısında cavabdeh daşıyır - Bdzina İvanişvilinin. Yaxın günlərdə bu istiqamətdə hər hansı bir nəticənin baş verəcyinə əmin deyiləm. Təkrar edirəm, bu, uzun bir prosesdir”.

Rüfət Sultan