"Bu görüş Azərbaycan və Ermənistan arasında sülh sazişinin tez bir zamanda razılaşdırılmasına imkan verəcək”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Cümşüd Nuriyev Türkiyə xarici işlər naziri Hakan Fidanın ABŞ dövlət katibi Entoni Blinkenlə görüşünü şərh edərkən deyib.
"Hakan Fidan hansı işi harada və necə qurmaq lazım olduğunu gözəl bilir. Türkiyənin ABŞ-la münasibətlərində müəyyən gərginlik yaranıb. Amma bu gərginliyin indi səngiməsi hiss olunur. İki ölkə arasında məsələlər artıq tamamilə ayrı müstəvidə müzakirə olunur. Ona görə də Fidanla Blinkenin görüşü hər iki dövlət, bütövlükdə NATO-nun ayaqda qalması üçün çox önəmlidir.
Görüşdə gündəmə gətirilən F-16-ın alınması, Suriya və Azərbaycan-Ermənistan məsələləri Türkiyənin dəyişməz xarici siyasətində ən önəmli istiqamətlərdir. Ankara və Vaşinqton Azərbaycanla Ermənistan arasında sülh sazişinin tezliklə imzalanmasında maraqlıdır. Bu görüş yəqin ki, sülh sazişinin tez bir zamanda razılaşdırılmasına təkan verəcək. Hər iki ölkənin əsas məqsədi Cənubi Qafqazda dayanıqlı sülhün bərqərar olmasıdır. Tərəflər onu da bilir ki, sülh sazişi imzalandıqdan sonra Azərbaycan özünün ən böyük layihəsi olan qayıdış proqramının icrasını sürətləndirəcək”, deyə Cümşüd Nuriyev vurğulayıb.
Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan Ukraynanın bərpası üzrə Londonda keçirilən konfrans çərçivəsində ABŞ dövlət katibi Antoni Blinkenlə görüşüb. Görüşdə Türkiyəyə F-16 qırıcılarının tədarükü, İsveçin NATO-ya üzvlük prosesi, ikitərəfli münasibətlər, Ukrayna-Rusiya müharibəsi və Suriyadakı son vəziyyət, habelə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması məsələləri müzakirə edilib.
Rüfət Sultan