
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Nida Vətəndaş Hərəkatının üzvləri və Azad Gənclik Hərəkatının üzvünün cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.
APA-nın məlumatına görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə Avropa Birliyinin Azərbaycan nümayəndəliyi, Amerika Birləşmiş Ştatlarının və Almaniya Respublikasının səfirliklərinin nümayəndələri , Müsavat Partiyasının başqanı İsa Qəmbər, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli və digər müxalifət funksionerləri izləyiblər.
Prosesdə iştirak edən İsa Qəmbər hakimlərə iradını bildirib: “Siz cavan uşaqları həbsdə saxlayıb, gecə evinizdə necə yatırsız? Ağsaqqal adamsız, ayıb olsun ”.
Hakim İ. Qəmbərdən zalı tərk etməyi tələb edib. İ. Qəmbər məhkəmə salonunu tərk edib.
Hakim bildirib ki, təqsirləndirilən şəxsin taleyi ilə maraqlananlar özlərini məhkəmədə reklam etməməlidirlər.
Hakim məhkəmə qaydalarına riayət etməyin vacib olduğunu bildirib.
Daha sonra prosesdə Zaur Qurbanlı və İlkin Rüstəmzadənin vəkili Xalid Bağırov vəsatətlə çıxış edib. O, müdafiə etdiyi şəxslərin yanında əyləşmələri, prosesdə audio və video çəkilişlərin aparılmasına icazə verilməsi, İ. Rüstəmzadəyə xuliqanlıqla bağlı verilmiş ittihama xitam verilməsi barədə vəsatətə qaldırıb.
Vəkil qeyd edib ki, İ. Rüstəmzadənin əməlində xuliqanlıq yoxdur. X. Bağırov Z. Qurbanlının digər vəkili Aslan İsmayılovun cinayət işinin materialları ilə tanış olmağa şərait yaradılmadığını bildirib. O bu qanun pozuntusuna görə, Z. Qurbanlı barəsində olan cinayət işinə xitam verilməsi və yenidən istintaq orqanlarına qaytarılması barədə vəsatət verib.
Hakim vəsatətlərin növbəti prosesdə müzakirəyə çıxarılacağını deyib.
Proses noyabrın 21-də davam etdiriləcək.
Qaynar.info