Xədicə İsmayılın məhkəmə prosesi əvvəlkinə nisbətən iri zala köçürülsə də, onlarla adam yenə də qapı arxasında qalıb. Məhkəmə nəzarətçisi elan edib ki, yerlər artıq dolub.
"Azadlıq Radiosu"nun müxbiləri xəbər verirlər ki, içəri diplomatik nümayəndələrdən yalnız ABŞ, Amaniya və Fransanın Azərbaycandakı səfirliklərinin nümayəndələri buraxılıb, Niderland və Böyük Britaniya təmsilçiləri kənarda qalıb.
Prosesdə məhkəmə Tural Mustafayevin məcburi qaydada məhkəməyə gətirilməsi barədə qərar qəbul edib.
O, iş üzrə zərərçəkən kimi keçir və X.İsmayıl məhz onun şikayəti əsasında özünüöldürmə həddinə çatdırmada ittiham edilib və həbs olunub.
Lakin sonradan T.Mustafayev polisin təzyiqləri altında X.İsmayıla böhtan atdığını bildirib və şikayətindən imtina edib.
Fasiləyə qədər vəkillər 3 vəsatət qaldırıblar. Vəsatətdən biri Xədicə İsmayılın şüşə qəfəsdən çıxarılması ilə bağlı olub. Hakim vəsatəti təmin etməyib, deyib ki, bu, Xədicənin təhlükəsizliyi üçündür. Jurnalist isə cavabında bildirib ki, o, Azərbaycan vətəndaşlarından təhlükəsizliyinə hər hansı zərər gözləmir.
İkinci vəsatət 213-cü maddə üzrə olub. Vəkillər bildiriblər ki, AzadlıqRadiosu haqqında yanvarın 5-də başlanan səyyar vergi yoxlaması bitmədiyi və mayın 15-dən dondurulduğu halda Xədicə İsmayıla bununla bağlı ittiham irəli sürmək qəsd-qərəzliyin göstəricidir. Bu maddə üzrə işə baxılmamalıdır, o cümlədən, son baş verənlər istintaq materiallarına əlavə olunmalıdır. Amma hakim bu vəsatəti də rədd edib.
Vəkil Fariz Namazlı deyib ki, Xədicə İsmayıl təxminən 45 min manat vergi ödəməkdən yayınmaqda ittiham olunur. Jurnalist bu ittihamı rədd edir.
Müdafiə tərəfi daha bir neçə vəsatət qaldırıb. Bunlar vergi orqanlarının arayışlarının cinayət materiallarına əlavə edilməsi, Xədicə İsmayılın imza nömrələrinin olub-olmaması ilə bağlı Beynəlxalq Bankadan arayış alınması olub.
Bu vəsatətlər də təmin edilmədi. Prokuror əlavə edib ki, jurnalistin günahı sübut olunub, dəlillər çoxdur.
Xədicə İsmayıl prokurorun bu yanaşmasına etiraz edib:
“Onda məhkəməyə nə ehtiyac var, bağlansın, mən də çıxım gedim cəza evində oturum. Prokurorun bu dedikləri qərəzlidir və qeyri-peşəkarlıqdır. Görünür neftin qiyməti düşdüyünə görə prokurorluq işçilərinə verilən paket maaşı kəsiblər. Ona görə belə peşəkarlıq problemləri çıxır”.
Xədicə İsmayıl hakimdən ittihamın mahiyyətinin ona izah edilməsini xahiş edib.
Hakimsə cavabında deyib ki, "ittihamlar təsdiqini taparsa, 15 il azadlıqdan məhrum edilə bilərsiniz.".
Xədicə İsmayılın intihar həddinə çatdırdığı iddia olunan Tural Mustafayev prosesdə yox idi.
Müdaiə tərəfi zərərçəkənin iştirakı olmadan məhkəmənin keçirilməməsi haqda vəsatət qaldırsa da, təmin edilməyib.
Xədicə İsmayıl bildirib ki, Tural Mustafayev bundan öncə verdiyi ifadələrində oğurlanıb qapalı yerdə saxlandığını, ona hansısa iynələr vurulduğunu deyib.
"Bəlkə o yenə oğurlanıb? Ən azı onun sağ- salamat olduğunu bilmək istəyirəm" - deyə Xədicə əlavə edib.
Prokuror Ramazan Hacıyevsə bildirib ki, "Tural Mustafayev son səsləndirdiyi ifadənin həqiqət olduğuna əmin idisə, hamıdan tez məhkəməyə gəlməli idi".
T. Mustafayev son açıqlamasında Xədicəyə qarşı ifadə verməyə məcbur edildiyini bildirib.
Tural Mustafayev
Daha bir vəsatət qaldırılıb, Xədicə İsmayılı şüşə qəfəsdən çıxarıb vəkillərin yanında oturtmaq istəyilə.
Prokurorsa etiraz edərək bildirib ki, "Xədicənin o qəfəsdə qalması onun təhlükəsizliyi üçündür. Bundan əlavə onun azadlığı hələ ötən ilin 5 dekabrında məhdudlaşdırılıb".
Xədicə İsmayıl prokurorun arqumentinə münasibətini bildirib:
“Hamının azadlığı məhdudlaşdırılıb. Kiminin az, kiminin çox. Prokurorun azadlığı məndən çox məhdudlaşdırılıb. Təhlükəsizlik məsələsinə gəlincə, Azərbaycan vətəndaşlarının mənə təhlükə yaradacağından narahat deyiləm”
Xədicə əlavə edib ki, ittiham aktı sabun köpüyündən başqa bir şey deyil. Uydurmadır. O, prokurora deyib ki, "bəlkə üzümə duran bir nəfər tapasınız. Yataq otağımdan başınızı çıxarıb daha ciddi işlərlə məşğul olasınız."
Qaynar.info