Xəbər lenti

Sənət 15:12 23.07.2026

"Harri Potter"i geridə qoydu: Bu yay ən çox oxunan romanlardan biri hansıdır?

Enn Patçettin yeni "Whistler" romanı artıq bir neçə həftədir ki, "Amazon"un ən populyar kitabları arasında yer alır və ədəbi tənqidçilərdən yüksək qiymət alır.

Qaynarinfo "Parade"yə istinadən xəbər verir ki, "Whistler" "Amazon"un ən populyar bədii kitabları siyahısında üçüncü həftədir mövqeyini qoruyur. Roman hazırda reytinqdə 17-ci pillədə qərarlaşıb. O, Frida Makfaddenin "The Divorce" romanından sonra gəlir və C. K. Roulinqin "Harry Potter and the Deathly Hallows" ("Harri Potter və Ölüm Hədiyyələri") əsərini geridə qoyub.

Kitab eyni zamanda platformanın ən çox satılan bədii əsərləri siyahısında da yüksək mövqelərini saxlayır. Roman yaxın vaxtlarda ilk beşlikdən çıxsa da, ümumilikdə altı həftə həmin siyahıda yer almağı bacarıb.

"Whistler" nədən bəhs edir?

Enn Patçettin sayca onuncu romanı "tapılmış ailə" anlayışını, insan münasibətlərini və yaxınlıq ehtiyacını araşdırır.

Əsərin baş qəhrəmanı 53 yaşlı ingilis dili müəllimi Dafni Fullerdir. O, Nyu-Yorkdakı muzeylərdən birində keçmiş ögey atası Eddi Triplettlə təsadüfən qarşılaşır. Bu görüş onların həyatında uzun illər sonra yenidən yaranan emosional bağın başlanğıcı olur.

Uşaqlıqda baş vermiş faciə onları bir-birindən ayırsa da, qəhrəmanlar 40 ildən çox vaxt keçdikdən sonra yenidən görüşürlər.

Müəllif bildirib ki, romanın bəzi məqamları şəxsi uşaqlıq xatirələrindən ilham alsa da, əsər tamamilə bədii təxəyyül məhsuludur.

Yazıçının şəxsi təcrübəsi

"National Writers Series" tədbirində çıxış edən Enn Patçett uşaqlıqda ağır avtomobil qəzası keçirdiyini bildirib.

Onun sözlərinə görə, doqquz yaşında olarkən ögey atası və bacısı ilə birlikdə avtomobil qəzasına düşüb. Qəza nəticəsində bacısı uzun müddət həyatı üçün təhlükəli vəziyyətdə olub, özü isə sifət nahiyəsindən ciddi xəsarətlər alaraq huşunu itirib.

"Mən qəzanın özünü xatırlamıram. Ayılanda artıq xəstəxanada idim", deyə yazıçı bildirib.

Patçett qeyd edib ki, həmin hadisə onun dünyagörüşünə və yaradıcılığına ciddi təsir göstərib.

Tənqidçilər niyə romanı yüksək qiymətləndirirlər?

Travma, yaddaş, sevgi və insanlar arasındakı münasibətlərdən bəhs edən "Whistler" satışa çıxandan qısa müddət sonra "The New York Times" bestseller siyahısında birinci yerə yüksəlib.

Kitab həmçinin "Heather's Pick" və "Indigo" tərəfindən "İlin ən yaxşı kitabı" seçimləri sırasında göstərilib. Bundan əlavə, "Goodreads" platforması onu yayın ən çox gözlənilən kitablarından biri elan edib.

"The Boston Globe" qəzetinin icmalında roman barədə belə deyilir:

"Enn Patçettin yeni romanı müasir bədii ədəbiyyatda nadir rast gəlinən əsərlərdən biridir. Nəsri aydın, müşahidələri səmimi, emosional təsiri isə həm güclü, həm də ruhlandırıcıdır".

Enn Patçett amerikalı yazıçı və esseistdir. O, Tennessi ştatının Neşvill şəhərində fəaliyyət göstərən müstəqil kitab mağazasının sahibidir və lirik üslubu ilə seçilən romanların müəllifi kimi tanınır. Onun məşhur əsərləri arasında "Bel Canto", "The Dutch House" və "Tom Lake" romanları da yer alır.

Aydın

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->