Xəbər lenti

Havaya sərvət səpir: Hər gün 6000 dollar dəyərində qızıl püskürür
Dünya 23:42 12.01.2026

Havaya sərvət səpir: Hər gün 6000 dollar dəyərində qızıl püskürür

Dünyanın ən sirli aktiv vulkanlarından biri hesab edilən Erebus hər gün atmosferə heyrətamiz miqdarda qızıl püskürür. 

Qaynarinfo xəbər verir ki, Antarktidanın buzlarla örtülü coğrafiyasında yerləşən bu nəhəng vulkan qeyri-adi xüsusiyyəti ilə elm dünyasının diqqət mərkəzinə çevrilib.

NASA-nın Yer Müşahidə Mərkəzi tərəfindən yayımlanan məlumatlara görə, Yer kürəsinin ən cənubundakı aktiv vulkan olan Erebus hər gün atmosferə təxminən 6 min dollar dəyərində qızıl tozu buraxır.

Gündəlik 80 qram kristallaşmış qızıl

"Polar Journal" nəşrinin məlumatına əsasən, aparılan araşdırmalar vulkandan çıxan qaz qabarcıqlarının tərkibində gündə təxminən 80 qram kristallaşmış qızıl olduğunu üzə çıxarıb. "Nyu Meksiko" Mədənçilik və Texnologiya İnstitutundan Filip Kayl bu qızıl yığıntılarının vulkanik süxurlardan qaynaqlana biləcəyini bildirib. NASA isə qiymətli metal tozlarının vulkandan min kilometrədək məsafəyə yayıldığını müəyyən edib.

Strateji əhəmiyyəti

3 min 794 metr hündürlüyü ilə Antarktidanın ən yüksək aktiv vulkanı olan Erebus ilk dəfə 1841-ci ildə Ser Ceyms Klark Ross tərəfindən kəşf edilib. Vulkan adını kəşf ekspedisiyasının flaqman gəmisi olan "HMS Erebus"dan alıb. Dağa ilk uğurlu dırmanış isə 1908-ci ildə Ser Ernest Şekltonun rəhbərlik etdiyi "Nimrod" ekspedisiyası tərəfindən həyata keçirilib.

Fasiləsiz püskürür

Kolumbiya Universitetinin nəzdində fəaliyyət göstərən "Lamont-Doherty" Yer Müşahidə Mərkəzindən Konor Beykonun sözlərinə görə, vulkan 1972-ci ildən bəri fasiləsiz şəkildə püskürməyə davam edir və zirvə kraterlərindən birində nadir hallarda rast gəlinən lava gölünü saxlayır.

1979-cu il təyyarə qəzası: 257 nəfər həlak olub

Mount Erebus elmi sirləri ilə yanaşı, aviasiya tarixinin ən böyük faciələrindən birinə də səhnə olub. 28 noyabr 1979-cu ildə "Air New Zealand" aviaşirkətinə məxsus 901 saylı turistik uçuş yerinə yetirən təyyarə vulkanın yamacına çırpılaraq partlayıb. Qəza nəticəsində təyyarədə olan 257 nəfərin hamısı həyatını itirib.

Aydın

--> -->