"Son günlər Ermənistan tərəfi atəşkəsin pozulması hallarını intensivləşdirib. Bu, daha çox İrəvanın Gürcüstan vasitəsilə ilə Azərbaycana minalı ərazilərin xəritələrin verilməsindən sonra baş verir”.
Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev Şuşa şəhərinin yenidən atəşə tutulmasına aydınlıq gətirərkən deyib.
Onun sözlərinə görə, yaxın saatlarda erməni tərəfi yenə də kimlərinsə yoxa çıxmasına dair məlumatlar yaya bilər:
"Maraqlıdır ki, Ermənistan Müdafiə Nazirliyi son zamanlar atəşkəsi pozmasının ardından kimlərinsə yoxa çıxdığını, hansısa hərbi avtomobilin qeyb olması barədə rəsmi məlumat paylaşır. Əgər Ermənistan tərəfi yenə Şuşa şəhərini atəşə tutursa, deməli, işğalçı tərəf növbəti insan itkilərini Azərbaycan tərəfinə yükləmək üçün format hazırlayır. Odur ki, hazır olmalıyıq, çünki yaxın saatlarda erməni tərəfi yenə də kimlərinsə yoxa çıxmasında Azərbaycan əsgərlərini günahlandırmaq məqsədi ilə məlumatlar yaya bilər. Ermənistan mal-qaradan əsgərinə qədər, hər itkisinə görə bizi günahlandıracaqsa, o zaman işimiz bundan sonra asan olmayacaq".
Qeyd edək ki, Müdafiə Nazirliyinin məlumatına görə, iyulun 15-i gecə saatlarında Azərbaycan Ordusunun Şuşa şəhəri ətrafındakı mövqeləri atıcı silahlardan atəşə tutulub.
Bahar Rüstəmli