Rəşad Həsənov: "Daha çox kitab oxuyaraq keçinirəm"
Həbsdə olan N!DA Vətəndaş Hərəkatının üzvü Rəşad Həsənov vəkil Əsabəli Mustafayev vasitəsiylə “Qaynar.info” saytının suallarını cavablandırıb.
- Rəşad, səhhətiniz necədir?
- Çox şükür, səhhətim qaydasındadır.
- Saxlanma şəraitindən şikayətiniz varmı, kamera yoldaşlarınızın sizə münasibəti necədir?
- Xeyr, heç bir şikayətim yoxdur, kamera yoldaşlarımla ilk gündən mehriban münasibətim var. - Həbsdə tapdığınız yeni məşğuliyyət varmı, vaxtınızı necə keçirirsiniz?
- Yeni məşğuliyyət tapmamışam. Daha çox kitab oxuyaraq keçinirəm. Qısası, fürsətdən istifadə edirəm.
- Həbsinizə cəmiyyət tərəfindən verilən reaksiyadan nə dərəcədə razısınız?
- Açığı həbsdə olduğum üçün verilən reaksiyaları tam dəyərləndirə bilmirəm. Amma hər halda cəmiyyət müəyyən səviyyədə reaksiya verdi.
- İstintaqla bağlı sizə hansısa bir məlumat verilirmi?
- İstintaq 24 sentyabr tarixindən etibarən yekunlaşıb və bizim tanışlıq müdətimiz başlayıb.
- Milli Şura seçkilərə Cəmil Həsənliylə gedir, ümidləriniz necədir?
- Həbsə girmədən əvvəl düşündüklərimdə elə ciddi bir dəyişiklik yoxdur. Və ölkədə seçkiylə bağlı mühit dəyişmədiyindən hörmətli Cəmil Həsənli səslərin çoxunu alsa belə, kimin qalib elan olunacağı məlumdur. Bütün bunlara baxmayaraq, hörmətli Cəmil müəllimə götürdüyü məsuliyyətə görə minətdaram. Seçicilərin səslərinin çoxunu alacağına şübhəm yoxdur. Milli Şura isə seçkilərin istənilən nəticəsindən aslı olmayaraq fəaliyyətini davam etdirməlidir. - Əqidə yoldaşlarının sənə və digər həbs olunan gənclərə diqqətindən razısanmı?
- Əsas diqqət prosesə və mübarizəyə olmalıdır, şəxslərə yox. Ona görə də tam razı deyiləm.
- Şəxs olaraq bu müddətdə hansısa dəyişikliklər baş verib səndə?
- Aqressiyam azalıb, əsəblərim sakitləşib.
- İndi azadlıqda olsaydınız nələri edərdiniz?
- Təbii ki, seçki təbliğatı ilə məşğul olardım. Milli Şura üzvü kimi əlimdən gələni edərdim ki, Cəmil Həsənli daha çox səs toplasın.