Xəbər lenti

Həbsdəki müsavatçı qardaşlara qarşı təzyiqlər edilir
Siyasət15:00 04.05.2015

Həbsdəki müsavatçı qardaşlara qarşı təzyiqlər edilir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Əbülfəz Sadıqbəyli: “Məhkəmədəki çıxışlarından sonra Fərəc və Siracı incidirlər”

Müsavat başqanının həbsdəki müavini Fərəc Kərimli saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasında ciddi təzyiqlərlə üzləşib. Məhkəmədəki çıxışlarından sonra başqan müavini və qardaşı Sirac Kərimli mütəmadi olaraq, bu cür təzyiqlərlə üz-üzə qalıblar. 

Bu barədə müsavat.com-a Kərimli qardaşlarının Hüquqlarını Müdafiə Komitəsinin sədri Əbülfəz Sadıqbəyli məlumat verib: “Məhkəmədəki çıxışlarından sonra Fərəc və Siracı incidirlər. Əvvəllər eyni kamerada qalırdılar. İndi onları ayırıblar. Fərəc zəng etmişdi. Özü bu barədə dedi. Əvvəl yaxınları ilə açıq görüş verirdilər. İndi təzədən şüşə arxasında görüş verməyə başlayıblar. İstintaq müddəti bitdikdən sonra açıq görüş olmalıdır. Buna görə də Fərəc görüşdən imtina edib. Onun əsas şikayətləndiyi məsələlərdən biri də qəzetlə bağlıdır. Aprelin 28-dən etibarən qəzet verilmir. Çox pis rəftar olunur. Fərəc onların kameralarının ayrılmasının səbəbini soruşub. Cavabında deyiblər ki, tapşırıq yuxarıdan gəlib, bizlik deyil. Mayın 6-da Fərəcə hökm oxunacaq. Onun özü dedi”. 

Xatırladaq ki, Fərəc Kərimli ötən il iyulun 23-də həbs edilib. Ondan bir həftə əvvəl isə qardaşı Sirac Kərimli həbs olunub. 

Hər iki qardaşa qarşı narkotik ittihamı irəli sürülüb. Sirac Kərimliyə 6 ilə həbs cəzası verilib. Fərəc Kərimliyə isə, prokuror 7,5 il müddətinə həbs cəza istəyib.

Qaynar.info