
“Erkin bəy qərarı normal qarşıladı. Bu məsələ əslində çoxdan müzakirə olunurdu, bir iclasda qəbul edilən qərar deyil. Təbii ki, onun məsələ ilə bağlı fərqli fikri vardı, ancaq İdarə Heyəti qərarı yekdilliklə qəbul etdi”.
Bu açıqlamanı “Media forum” saytına REAL Hərəkatı İdarə Heyətinin üzvü Azər Qasımlı verib.
Erkin Qədirli REAL Hərəkatı Məclisinin başqanı vəzifəsindən çıxarılıb. Qərar mayın 12-də İdarə Heyətinin iclasında qəbul olunub.
Azər Qasımlı bildirib ki, REAL-ın hər bir üzvü hərəkatın proqram və prinsiplərinə əməl etməlidir: “REAL-ın proqramı var. Heç kim həmin proqramı poza bilməz, istər sədr olsun, istər Məclis başqanı. Erkin bəy qeyri-demokratik çıxışlarına görə cəzalandı. Bunun təşkilatlanma və partiya quruculuğu işinə heç bir mənfi təsiri olmayacaq. Hətta əksinə, bu cəza güclənməyimizə impuls verəcək. Biz bir daha sübut etdik ki, tam demokratik, fərqli bir partiya qururuq”.
REAL Hərəkatı 2008-ci ildə yaradılıb. Qurumun lideri İlqar Məmmədov ötən il İsmayıllıda hökumət əleyhinə iğtişaşlar təşkil etmək ittihamı ilə tutulub.
Qaynar.info