XƏBƏR LENTİ

09:20
Kölgə

Şərhlər

Xəbər lenti

09:20
Kölgə
Həkimlər 36 yaşında vəfat edən aktrisaya 5 il ömrü qaldığını deyiblər
Maqazin09:56 18.08.2026

Həkimlər 36 yaşında vəfat edən aktrisaya 5 il ömrü qaldığını deyiblər

Bir neçə il əvvəl həkimlər aktrisa Hayden Panettieriyə içkini dayandırmasa, böyük ehtimalla cəmi 5 il ömrünün qaldığını bildiriblər.

Qaynarinfo xəbər verir ki, "Men's Journal" mərhum aktrisanın memuarlarına istinadən bu barədə yazıb.

"Bu mənəm: Hesablaşma" ("This Is Me: A Reckoning") adlı kitab 2026-cı ilin mayında işıq üzü görüb. Panettieri kitabda həkimin ona alkoqol asılılığının son dərəcə ciddi nəticələri barədə xəbərdarlıq etdiyini xatırlayıb. Həkim aktrisanı içməyə davam edəcəyi təqdirdə beş il ərzində ölə biləcəyi barədə xəbərdar edib. Nəşr bu xəbərdarlığın nə vaxt edildiyini dəqiqləşdirmir. Lakin aktrisa artıq 2020-ci ildə alkoqol asılılığından müalicə almağa başlayıb.

Panettieri alkoqolu emosional ağrıdan qaçmağın bir yolu kimi təsvir edib və zaman keçdikcə içkidən özbaşına imtina etməyin onun üçün son dərəcə çətinləşdiyini bildirib. Aktrisanın sözlərinə görə, asılılığı doğuşdan sonrakı depressiya, erkən yaşda qazandığı şöhrətin yaratdığı təzyiq və şəxsi həyatındakı ciddi dəyişikliklər fonunda illər ərzində formalaşıb.

Aktrisa alkoqoldan imtina etdikdən sonra yaşadığı simptomlardan da danışıb. O, titrəmə, ürəkbulanma, güclü narahatlıq və abstinensiya sindromunun digər fiziki və emosional əlamətlərini xatırlayıb.

"Men's Journal" yazır: "O, alkoqolun başqa cür necə öhdəsindən gələcəyini bilmədiyi vaxt özünü hisslərdən uzaqlaşdırmağın bir yoluna çevrildiyini təsvir edib".

Nəhayət, 2020-ci ildə Panettieri peşəkar yardım üçün müraciət edib və səkkiz ay reabilitasiya mərkəzində müalicə alıb. Daha sonra aktrisa müalicənin ona illərlə davam edən asılılıq səbəbindən sıxışdırılmış şəxsiyyətinin bəzi tərəflərini yenidən kəşf etməyə və sevinc hissini bərpa etməyə kömək etdiyini deyib.

Panettieri memuarlarında sağalma prosesini çətin yol kimi təsvir edib. O vurğulayıb ki, asılılığı yalnız şəxsi seçim məsələsi kimi qiymətləndirmək olmaz, çünki bu vəziyyət insan həyatının böyük hissəsinə faktiki olaraq hakim ola bilər.

"Men's Journal"ın vurğuladığı kimi, aktrisanın rəsmi ölüm səbəbi hələ açıqlanmayıb və onun ölümünün bir neçə il əvvəl həkimlərinin etdiyi xəbərdarlıqlarla əlaqəli olduğunu təsdiqləyən heç bir məlumat yoxdur.

"Heroes" və "Nashville" seriallarındakı rolları ilə tanınan amerikalı aktrisa Hayden Panettieri avqustun 16-da 36 yaşında vəfat edib. Onun ölüm səbəbi hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırılır. Panettierinin 11 yaşlı Kaya adlı qızı var.

Polis aktrisanın ölümündə zorakılıq və ya şübhəli hallara dair əlamət aşkarlanmadığını bildirib, lakin araşdırma davam edir. O, Cənubi Karolina ştatının Qrinvill şəhərində vəfat edib. Tanışının çağırışından sonra hadisə yerinə gələn həkimlər ona yardım göstərməyə çalışsalar da, aktrisanı xilas etmək mümkün olmayıb. Ölümün dəqiq səbəbi yarılmadan sonra müəyyənləşdiriləcək. Bununla belə, KİV-də mümkün doza aşımı və ya ürəyin dayanması ilə bağlı təsdiqlənməmiş ehtimallar yayılıb.

Aydın