"Bakıda tıxacların çoxlu səbəbləri var. Bunlardan biri məskunlaşmadan, şəhərsalmadan irəli gəlir. Şəhərin daxili hissələrinin son illər ciddi sıxlaşdırıldığı, bəzi məhəllələrin beton cəngəlliyə çevrildiyi, şəhər ətrafında, təxminən 20-25 il əvvələdək boş olan ərazilərdə isə cəngəlliksayağı, plansız məskunlaşma göz qabağındadır”.
Qaynarinfo xəbər verir ki, bunu nəqliyyat eksperti Ərşad Hüseynov illərdir Bakıda yaranan tıxac problemindən danışarkən deyib.
Onun sözlərinə görə, heç bir mobillik planı, yol-nəqliyyat infrastrukturunun indiki və perspektiv vəziyyəti nəzərə alınmadan aparılan belə məskunlaşma səbəbindən insanlar elementar gündəlik ehtiyacları (işləmək, uşağı bağçaya və məktəbə aparmaq, normal alış-veriş etmək və s.) üçün kifayət qədər uzaq məsafəyə getməyə məcburdurlar:
"Üstəlik həmin məskunlaşma zonalarında normal küçə-yol şəbəkəsi də saxlanılmayıb. İctimai nəqliyyata əlçatımlıq da ki, bərbaddır. Nəticədə qaçılmaz tıxaclar yaranır. Problemin bariz bir misalını MM-in son iclasında deputat Rauf Əliyev dilə gətirdi. Onun dediklərinə əsasən, məsələn, Binə qəsəbəsində 149 saylı məktəb 1350 şagird yerlik olsa da, orada 4483 şagird var, Buzovnadakı 26 saylı məktəb isə 2300 şagird yerlik olsa da, faktiki şagird sayı 4230-dur. Yəni məktəb çatışmazlığı var. Oxşar, bəlkə də daha betər vəziyyət Abşeron aqlomerasiyasının bütün yeni məskunlaşma ərazilərində - Xırdalanda, Masazırda, Hövsanda, Binəqədidə və s.-də də var. Bunun nəticəsində on minlərlə şagird həmin yaşayış məntəqələrindən şəhər daxilindəki məktəblərə gətirilir”.
Ərşad Hüseynov deyir ki, yeni məskunlaşma ərazilərində mövcud olan az sayda məktəblərin təlim-tədris prosesinin bəyənilməməsi səbəbindən xeyli valideynin şəhər məktəblərinə üstünlük verməsi bu işi bir az da ağırlaşdırır:
"Nəticədə şəhər girişlərində və xeyli küçələrdə tixac yaranır. Tətil vaxtı həmin yerlərdə tixacın olmaması, yaxud daha dözülən olması bunu aşkar təsdiq edir. Məsələnin həlli üçün ən azı bundan sonra belə cəngəlliksayağı məskunlaşma və sıxlaşmanın qarşısı alınmalıdır. Həmin ərazilərdə normal məktəblər tikilməli, müasir mobilliyə hesablanan infrastruktur yaradılmasına başlanmalıdır...”
İqtisadçı ekspert Rövşən Ağayev deyir ki, son dövrlərə qədər Bakı-Sumqayıt yolunda tıxac adətən səhər saat 7:30-dan sonra müşahidə edilirdisə, artıq Abşeron Gənclər şəhərciyi adlanan ərazidə də tıxacla qarşılaşıb:
"Peşəkar mütəxəssislər problemin effektiv və sürətli həll yolu kimi ictimai nəqliyyatın effektiv təşklini təklif edirlər - xüsusən dəmir yolunun gücünün artırılmasını, tramvay və metro nəqliyyatının təşkilini. Amma çox sadə səbəbə görə bu problemin həllini tapacağına inanmıram - hazırda üzləşdiyimiz tıxac probleminin həll olunmaması nə kimsəni vəzifəsindən edəsi deyil, nə də kimsə bu problemə görə səs itirəsi deyil. Daha bir səbəb- qərar qəbul edənlərin heç biri bu problemdən əziyyət çəkmir. Yeri gəlmişkən, hazırda Biləcəri-Xırdalan istiqamətində yeni şəhərciklər tikilir və yaxın zamanlarda məskunlaşmanın miqyası daha da artacaq. Yaxınlarınıza-doğmalarınıza dönə-dönə xəbərdarlıq edin ki, bu istiqamətdə mənzil alıb özlərini və övladlarını bu fəlakətin burulğanına atmasınlar...”
Bahar Rüstəmli
Şərhlər