"Bu, həqiqətən də Azərbaycana qarşı alçaqcasına ortalığa qoyulmuş bir davranışdır, siyasətdir. Düşünürəm ki, necə bu sülhməramlı prosesi ATƏT-in Minsk qrupu həmsədr dövlətləri boykot edirsə, eynən Azərbaycan dövləti də ATƏT-in Minsk qrupu qurumunu və həmin qurumun üzvləri olan Amerika Birləşmiş Ştatları, Fransa və Rusiyanı Azərbaycanda təşkil olunun bütün dövlət səviyyəli tədbirlərdə boykot etməlidir”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri deyib. Onun fikrincə, bu üç dövlət heç bir prosesə, heç bir tədbirə dəvət olunmamalıdır:
"Əslində bu, Azərbaycana və Azərbaycanın yürütdüyü siyasətə, Qarabağda baş verən proseslərə qarşı ATƏT-in Minsk qrup dövlətlərinin etirazıdır. Bunun adını nə qoyurlarsa-qoysunlar, nə bəhanə edirlər-etsinlər, əslində bu sülhməramlı missiyanı bir növ boykot etmək anlamına gəlir. Bu, qəbuledilən deyil.
Niyə? Çünki Şuşa Azərbaycan şəhəridir və orada Ermənistanın bu illər ərzində törətdiyi vəhşiliklər, insanlıq əlehinə törətdiyi vandalizmləri bütün dünyaya nümayiş etdirmək istəyinə qarşı ATƏT-in Minsk qrup həmsədr dövlətlərinin bu cür etirazı anlaşılan deyil. Onlar nəyi görmək istəmədilər? Onlar sadəcə işğaldan azad olunan Azərbaycanın Şuşa şəhərinin görmək istəmədilər? Yoxsa ki, Ermənistanın törətdiyi vandalizmi görmək istəmədilər? Əslində Azərbaycan bu erməni vəhşiliklərini artıq bütün dünyaya nümayiş etdirib və etdirməkdədir. Bunu sadəcə gözlərini yummaqla görməzlikdən gəlmək kimi aldatmaqdır?”.
Natiq Miri hesab edir ki, bundan sonra Qarabağ prosesində bu üç dövlətin iştirakına heç cür imkan verilməməlidir:
"Bundan sonra ATƏT-in Minsk qrupunun, yəni bu üçlüyün üstündən xətt çətilməklə bərabər Rusiyanın artıq prosesə adekvat dövlət olmadığını bəyan və sübüt etməklə tədricən rus sülhməramlılarının Qarabağdan çıxmasını tələb etmək lazımdır. Bu, ilk növbədə ictimai səviyyədə təşkil olunmalı və bütün dünya görməlidir ki, Azərbaycan xalqı rus əsgərini Azərbaycan torpaqlarında görmək istəmir. Rusiyanın bu günə qədər heç bir siyasəti Qarabağda Azərbaycana və beynəlxalq prinsiplərə adekvat olmadığı kimi Azərbaycan xalqının istəyi kimi də arzuolunan deyil. Düşünürəm ki, ən önəmlisi də Azərbaycan xalqının istəyidir. Çünki Qarabağı qan tökərək azad edən Azərbaycan xalqıdır”.
Natiq Miri bildirib ki, bu dövlətlərə yerini göstərmək lazımdır:
"Bu, Türkiyə ilə birgə olmalıdır. Necə ki, Türkiyə Suriyada, Liviyada, Ukraynada, Fələstində və digər ölkələrdə, hətta Əfqanıstanda digər dövlət güclərinə neçə gücünü və siyasi iradəsini, qətiyyətini göstərirsə, düşünürəm ki, burada da Azərbaycan Türkiyə birliyi tədricən bu prosesə başlamaqla bu üç dövləti prosesdən xaric etməlidirlər. Mütləq mənada bu davranışın cavabı olmalıdır”.
Bahar Rüstəmli