
Cavid Ramazanlı yazır...
Ya olduğun kimi görün,
Ya da göründüyün kimi ol.
(Mövlanə Cəlaləddin Rumi)
Madam ki, konstitusiyaya edilən dəyişikliklərlə keçmiş, gözəl dövrləri xatırladan quruluşa keçdik, o zaman yubanmadan islahatlara başlamağın da vaxtı gəlib çatdı. Bir çox kəslər inamsızdırlar, elə güman edirlər ki, bizim başbilənlərimiz əsl dəyişikliklər etməkdə acizdirlər, ya da sadəcə olaraq, dəyişikliklər könüllərincə deyil. Bir çox kimsələr o qədər şübhə içindədirlər ki, islahatlar fikri onlara gülməli gəlir, rişxəndlə irişirlər. Neyləmək olar, insanların fikirləri müxtəlifdir, qoy hələlik onlar öz aləmlərində irişsinlər, vaxt gələr fikirlərindən daşınarlar...
Əslində insanları qınamaq da olmur. Çünki hörmətli idarəçilərimizin hər şeyi birdən, tərəddüdsüz deyil, müntəzəm şəkildə, ehtiyat edə-edə düzüb-qoşması əhalimizdə şübhələr yaradıb. Bütün bu dəyişiklikləri mahiyyətə uyğun olaraq, illər əvvəl kəskin şəkildə də eləmək olardı... Ancaq çox güman ölkəmiz həmin dövrlərdə yetərincə güclü və müstəqil olmayıb və Azərbaycanı gözü götürməyən qara qüvvələr buna imkan verməyiblər. Heyhat! Olan olub, keçən keçib. Biz indi artıq gələcəyə köklənməliyik! Bu münasibətlə də, inanırıq ki, ağlı başında olan hər kəs islahatlar təklifiylə öz fikirlərini dəyərli ictimaiyyətlə bölüşməlidir.
Beləliklə, başlayaq.
Yeni quruluşa keçməyimizin şərəfinə ilk maraqlı təkliflərdən birini qiymətli dostlarımızdan biri verdi, dedi ki, öz mahiyyətimizə uyğun olaraq, nəhayət ki, Avropa qiyafələrindən qurtulmalı, Afrika qəbilələrinin nümayəndələri sayaq əlbisələrə keçməliyik. Maraqlı təklifdir, lakin biz razılaşmadıq. Birincisi onun üçün ki, afrikalı qəbilə yoldaşlarımız necə deyərlər, dünyadan biraz geri qalıblar, dostumuzun söylədikləri yozulub irqi ayrı-seçkilik kimi qiymətləndirilə bilərdi, ikincisidə ki, Afrika qəbilələrindəki, amazoniya cəngəlliklərindəki yoldaşlarımızdan fərqli olaraq, biz artıq çoxdandır ibtidai icma quruluşunda yaşamırıq. Qiyafələrimizdə dəyişikliklər eləməliyik, amma özümüzün dəyərlərinə münasib olaraq. Məsələn, bizdə gül kimi əmmamə, buxara papaq və qafqaz geyimləri ənənəsi olub, tezliklə bu geyimlərə qayıda bilərik. Geyim inqilabı yeni cəmiyyətlərdə çox əhəmiyyətli məsələlərdən olub, geyim mahiyyəti əks etdirməlidir...
Torpaq bölüşdürülməsi sahəsində mütləq islahatlar aparılmalıdır. Düzdür, bu sahədə də müəyyən qədər işlər görülüb, torpaqlar bölüşdürülərək müxtəlif ağalara verilib. Ölkənin müxtəlif zonaları müxtəlif ağaların kurasiyasındadır. Amma bu mexanizm inkişaf etdirilməli, rəsmiləşdirilməlidir. Yeri gəlmişkən, xitab məsələsində də islahatlar olmalıdır. Keçmişimizin bir parçası olan ağa, kəniz, qul, rəiyyət və füqəra kimi anlayışlar bugünümüzə qazandırılmalıdır.
Qamçılama, şallaqlama və dəyənəkləmə kimi dəyərlərimiz geri qaytarılmalıdır! Mütləq. Baxırsan ki, ölkədə vergi, yol nəqliyyat qaydaları və kommunal ödənişlərin toplanması məsələsində islahatlar məsələsi qaldırılıb, amma proses istənilən səviyyədə getmir. İslahatlara maneçilik törədənlər var, vergisini, işıq pulunu ödəmək istəməyən şəxslərə rast gəlinir. İslahatlar məsələsində nə qədər əzmkar olduğumuzu sübut etmək üçün günahkarlar ictimai şəkildə qamçılanmalı və dəyənəkdən keçirilməlidirlər. İnanırıq ki, hörmətli başbilənlərimiz bu məsələdə öz iradələrini ortaya qoyacaqlar.
Mədəniyyət sahəsində də müəyyən dəyişikliklərin vaxtı gəlib çatıb. Ölkədə görürsən Avropa sayaq müasir konsertlər, rəsm sərgiləri, teatr tamaşaları keçirilir, Mədəniyyət və turizm nazirliyi bu mərasimlərə ətək-ətək pullar xərcləyir. Dünyada böhranın baş verdiyi bir vaxtda, ölkə iqtisadiyyatının bəzi problemlərlə üzləşdiyi bir zamanda belə tədbirlərə nə hacət? Əhalinin və dövlətin maraqlarına cavab verən kütləvi tədbirlər təşkil edilməlidir. Məsələn, yuxarıda bəhs etdiyimiz vergi, kommunal və digər bu qəbildən olan ödənişləri vaxtında ödəməyən və ya boyun qaçıran şəxslərin şallaqlanması və dəyənəklənməsi, müxalifət liderlərinin dərisinin soyulması kimi tədbirlər bir “Semiçka” şirkətinin sponsorluğuyla (bu şirkət hansısa qüdrətli ağaya məxsus olsa, daha məqsədəuyğun olar) müxtəlif meydanlarda ictimaiyyətə açıq şəkildə keçirilə bilər. Şiddətli günahlarına görə həbsxanalarda işgəncəyə məruz qalanlar açıq ərazilərə transfer olunmalı, ictimaiyyətimiz belə əyləncələrdən məhrum olunmamalıdır. Həm maraqlı, həm də sərfəli...
Yeni texnoloji islahatlar tətbiqində, təbii ki, sosial şəbəkələr qapadılmalı, internet ya tamamən məhdudlaşdırılmalı, ya da ona daha da sərt nəzarət uyğulanmalıdır. Ölkə iqtisadiyyatına töhfə baxımından internet tarifləri kəskin şəkildə qaldırıla da bilər. Onsuz da bir çox kimsələr orada boş-boş veyllənir, ölkənin çiçəklənməsi, qüdrətlənməsi prosesinə köklənə bilmirlər. Bu sahədə də islahatlara əşhədü-ehtiyac var...
Siyasi islahatlara gəldikdə isə, ən qətiyyətli islahatlar zənnimizcə, bu sahədə keçirilməlidir. Ölkədə bir dəstə element var ki - doğrudan da onlara heç adam da demək olmur - heç bir vəchlə yola gəlmək istəmirlər. İstənilən dildə başa sal, faydasızdır, beyinləri yuyulmuş bu elementlər müxtəlif zərərli ideologiyaların təsiri altındadırlar, kədərli olan isə budur ki, ən sərt medotlarla belə bu elementlər dediklərindən dönmürlər. Üstəlik, onlar axır vaxtlar elə bir ucdan evlənir, altdan-altdan doğub törəyirlər! Dərhal islahatlar aparılmalıdır! Siyasətə qarışmadığımızdan, bu islahatların necə olmasını hörmətli başbilənlərimizə öyrətmək bizim vəzifəmiz deyil, ancaq bunu səbirsizliklə gözlədiyimizi ehtiramla bəyan etmək borcumuzdur...
Bizə elə gəlir ki, ümumiyyətlə, hər bir şüurlu Azərbaycan vətəndaşı mütləq bir islahat təklifiylə çıxış etməli, ən azından bu barədə bir cümləylə fikrini ifadə etməlidir, çünki bu barədə sadəcə bir kiçik məqalədə çoxsaylı təkliflər vermək mümkünsüzdür.
Ən sonda isə yenidən mədəniyyət məsələsinə qayıdaq. Bildiyiniz kimi, oktyabr ayında görkəmli yazıçımız Qurban Səidin dünyaca məşhur, ABŞ və Böyük Britaniyada bestseller olmuş “Əli və Nino” əsərinin ssenarisi əsasında çəkilmiş filmin təqdimatı olacaq. Filmin ərsəyə gəlməsi üçün xeyli miqdarda vəsait xərclənib, Hollivud miqyasında peşəkarlar işə cəlb olunub, filmin də dünya səviyyəsində premyerası gözlənilir. Amma bir məsələ var, o da filmdəki bəzi məqamlara dəyərli həmvətənlərimizin hələ hazır olmamasıdır. Bu məsələ haqlı olaraq tez-tez səsləndirilir ki, qiymətli həmvətənlərimiz nə qədər xeyirxah, saf, işgüzar, mehriban olsalar da, bəzi şeylərə hələ hazır deyillər, bunun üçün necə deyərlər, vaxt tələb olunur. Fikrimizcə, “Əli və Nino” filmində bəzi məqamlar soydaşlarımıza mənfi təsir edə bilər, çünki bildiyiniz kimi bu məhəbbət dastanının baş qəhrəmanı Əli sonda bizim tez-tez bəlağətlə səsləndirdiyimiz ŞƏRQDƏ İLK DEMOKRATİK RESPUBLİKA olan Azərbaycan Xalq Cümhuriyyətinin müdafiəsi uğrunda döyüş meydanında həlak olur. Öz dəyərlərini məhəbbəti Nino və əziz körpəsi qədər vacib bilir, hətta bu ona canı bahasına başa gəlsə belə... Olduqca təsirli hekayədir, ancaq nə edək ki, həmvətənlərimiz hələlik belə sentimentallığa hazır deyillər. Ona görə də təvəqqemiz budur ki, ölkəmizin təbliği baxımından “Əli və Nino” filmi xarici ölkələrdə nümayiş etdirilsin, amma hələlik öz ölkəmizdə təqdim edilməsin. Sağlıq olsun, gələcəkdə baxarıq, hazır olanda...
Cavid Ramazanlı
Qaynar.info