Xəbər lenti

“Hər bir ölkənin öz tufeyli oliqarxları var” - MÜSAHİBƏ
Siyasət08:51 02.06.2014

“Hər bir ölkənin öz tufeyli oliqarxları var” - MÜSAHİBƏ

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Zərdüşt Əlizadə: “Avrasiya İttifaqı çökməkdə olan iqtisadiyyatların birliyidir”

Politoloq Zərdüşt Əlizadənin Qaynar.info-ya müsahibəsi

- Zərdüşt bəy, NATO ekspansiyasının öz sərhədlərinə yaxınlaşması, Qərbin gündən-günə artan nüfuzunun regionda güclənməsi fonunda rəsmi Moskva nəhayət ki, məqsədlərina nail ola bildi: Qazaxıstan, Belarusla birlikdə Avrasiya İttifaqını reallaşdırdı. Quruma Qırgızıstan və Ermənistan kimi Rusiyanın peyk dövlətlərinin də qoşulması gündəmdədir. Rəsmi açıqlamalarda, protokol və açıq mətnli sənədlərdə Avrasiya İttifaqının postsovet ölkələrinin iqtisadi konsolidasiyası önə çəkilir. Bütün bunlar prosesin görünən tərəfləridir, amma görünməyən tərəfləri də olmamış deyil. 

- Öncə qeyd edim ki, bütün dünyada kiçik subyektlərin birləşib böyük subyektə çevrilməsi, tarixi proseslərdə öz rolunu oynaması danılmaz faktdır. Bütün bunları həm Avropa İttifaqının, Avrasiya İttifaqının, həm də digər birliklərin yaradılmasında görürük. Qalır bir məsələ: hansı dövlətlər birləşir və bu ölkələrdə hansı meyllər mövcuddur. İkinci Dünya Müharibəsindən sonra xarabazar qalmış Avropada yenicə dirçəlməyə başlayan dövlətlər “Marşall planı”nın çətiri altında birləşib daha güclü iqtisadiyyata sahib olmaq imkanları əldə etdilərsə, bu, yüksələn xətlə inkişaf edən iqtisadiyyatların sürətli tərəqqisi üçün atılan addımlar idi. Lakin Avrasiya İttifaqı sovet imperiyasının süqutundan sonra çökməkdə olan, tənəzzülə ugrayan iqtisadiyyatların birliyidir. Burada həcm hesabına əldə edilən artım yalnız Rusiyada və Qazaxıstanda xammalın ixracı sayəsində qazanılan artımdır. Amma burada elmi, texnoloji inkişafdan söhbət gedə bilməz. Əksinə, vaxtilə böyük iqtisadiyyata töhfələr vermiş sahələr, məsələn, aviatikinti, avtomobil, maşınqayırma və s. böhran vəziyyətindədir. Bu baxımdan mən Avrasiya İttifaqının müsbət gələcəyinə inanmıram və ayrılıqda götürülmüş hər bir ölkədəki qüsurlar, mənfi hallar sonda cəmlənəndə əks effektlər verəcək, Rusiyadakı mənfi hallar Qazaxıstana, Qazaxıstandakı çatışmazlıqlar Belarusa keçəcək. Bir sözlə, heç bir müsbət nəticə hasil olmayacaq. O ki qaldı Qırgızıstan və Ermənistanın bu birlikdəki üzvlük məsələsi, bu, yalnız və yalnız onlara kiçik həcmdə təmənnasız yardımların edilməsi ümidi ilə bağlıdır. Həmin ölkələrdəki zəif iqtisadiyyat heç riyazi səhv-xəta tərtibi də deyil. Bütün bunlarıb birlikdə heç bir rolu olmayacaq. 

- Bəziləri bu ittifaqı Rusiyanın keçmiş SSRİ-ni hələlik iqtisadi müstəvidə bərpa cəhdi kimi səciyyələndirirlər.

- Tamamilə məntiqsiz fikirlərdir. Artıq SSRİ ölüb və basdırılıb. Yerində isə yeni dövlətlər yaranıb. SSRİ-nin bərpası üçün heç bir əsas yoxdur. Bəli, rus imperiyası dagıldıqdan sonra SSRİ adlı yeni dövlət yarandı. Lakin unutmayın ki, onun yaranmasının obyektiv səbəbi vardı. Həmin səbəb də bundan ibarət idi ki, o, bürokratik dövlət idi. Əsasında cahanşümul - əmək insanlarının qardaşlığı və bərabərliyi ideyası dururdu. İndi isə hər bir dövlətin öz tüfeyli oliqarxları var. Onların da həm öz hesablarına, həm də qonşu dövlətlərin hesabına ifrat mənfəət götürmələri iddiaları mövcuddur. Bu ideyaların əsasında imperiyalar yaranmır. 

- Sizcə, Avrasiya İttifaqının Azərbaycan üçün mümkün müsbət və ya mənfi təsirləri nədən ibarət olacaq?

- Avrasiya İttifaqı Azərbaycan xalqına heç bir mənfi təsir göstərməyəcək. Çünki xalq elə bir gündədir ki, ona mənfi və ya müsbət təsir göstərmək mümkün deyil. O ki qaldı Azərbaycanın hakim zümrəsinə, bu zümrə çox çevik və qıvraqdır. İstənilən şəraitə, sag-sol, demokrat-avtoritar, liberal-sosial – hər bir vəziyyətə uygunlaşa bilir. Hətta hakimiyyəti saxlamaqdan ötrü Rusiyanın istənilən təklifini qəbul edə bilərlər. 

- Bəs Ermənistanın Avrasiya İttifaqına üzvlüyü?

- Onlar nə qədərsə pul istəyirlər. Kasıbların, yetimlərin, yoxsulların istəkləri nədir – pul, sədəqə, yardımdır. Ermənilər Rusiyadan pul, ucuz qaz, xarici siyasətlərinin acı nəticələrinin təhlükəsizliklərini təmin etmək niyyətindədirlər. 

- Yaxın gələcəkdə bu ittifaqa Rusiyanın təsiri ilə hansısa ölkələr qoşulacaqmı?

- Bəzi dövlətlər qoşula bilər və qoşulacaq. Amma bu, bütövlükdə birliyin məşum gələcəyini həll etməyəcək. 

- Avrasiya İttifaqının mövcudlugu fonunda MDB-nin gələcək perspektivi ilə baglı proqnozlarınız nədən ibarətdir? Nəzərə alaq ki, son hadisələrə rəğmən Ukrayna da bu birlikdən üz döndərdi.

- MDB tədricən aşınır və süquta ugramaqdadır. Bu qurum bir azdan tarixdə qalacaq. 

- Ukraynada gündən-günə gərginləşən proseslər hansı sonluqla nəticələnəcək?

- Ukraynanın hakim zümrəsinin anti-milli, oğru səciyyəsinə, siyasi savadsızlığına və kütlüyünə əsasən demək olar ki, bu ölkəni ağır sınaqlar gözləyir. Vəziyyət olduqca pisdir. Krımsız ərazisini qoruyub saxlasa da, istərsə hətta digər torpaqlarını itirsə də, bu ölkənin acınacaqlı durumda olan iqtisadiyyatı daha da pis vəziyyətə düşəcək. Maliyyə vəziyyəti pisdir, daha da ağırlaşacaq. Bu ölkənin gələcəyi mənimçün qaranlıqdır. 

- Yeri gəlmişkən, Ukrayna MDB dövlətləri arasında hərbi potensialına görə ikinci yerdə qərarlaşmışdı.

- Vaxtilə. 

- Bəs bu potensial necə oldu?

- Yeyib-yeyib iyirmi ildə dağıtdılar da. Mən sizə deyim – SSRİ dağıldıqdan sonra Yeltsinin rəhbərliyi altında Rusiya Krımda nəsə etmək istədi. Ukrayna “speçnaz”ı atılıb rus ordusunun belinə mindi. Buna görə də Rusiya dərhal geri çəkildi. Amma indi Ukrayna ordusu olduqca bərbad vəziyyətdədir. Hər şeyi satıblar, dağıdıblar. Hətta zəif Rusiyanın zəif ordusu istəsə, Donetskdəki, Luqanskdakı Ukrayna hərbi birləşmələrini bir ilin içində darmadağın edə bilər. 

- Kiyev separatçılarla mübarizədən itkisiz çıxa biləcəkmi?

- Orada separatçılar da var, öz vətəndaş hüquqlarını, milli, mədəni haqlarını qorumağa çalışanlar da. Necə ki, bizim milli azadlıq hərəkatımıza havayı, müftə vəzifə və sərvət arzusu ilə gələn, cındır kökündə olan adamlar da vardı, hərəkata Vətənin ləyaqətinin qorunması naminə qoşulanlar da. Ukraynanın cənub-şərqi vilayətində gedən proseslərdə də iki cür adamlar var. Məsələn, Buqrev kimi adamlar ləyaqət, mədəni, milli mənlik arzusuyla ayağa qalxıblar. Amma elələri də var ki, onlar avara, sərgərdanlardır. Onlar prosesə hansısa imtiyaz, pul, yeyib-içmək, vəzifə arzusuyla qoşulublar. Düşünmürəm ki, Kiyev hakimiyyətinin əxlaqi-mənəvi siması, cənub şərqi vilayətlərin rəhbərliyinin simasından müsbətə doğru fərqlənir. 

- Belə çıxır ki, proseslərin sonuyla bağlı proqnozlarınız müsbət deyil.

- Əminəm ki, Ukrayna xalqı və dövləti qalacaq. Bu təbiidir. Ancaq hansı həcmdə və sərhəddə - bu indi orada fəaliyyət göstərən qüvvələrin vətənpərvərlik və zəka potensialından asılıdır.

Cavid Əlisoy

Qaynar.info