
Respublika Hərbi Prokurorluğu və Müdafiə Nazirliyi müvafiq komissiyası tərəfindən Hərbi Dəniz Qüvvələrində yoxlamalara başlanılıb.
Bu barədə hərbi mənbələrdən “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinə məlumat verilib.
Məlumatda bildirilir ki, yoxlamaların hədəfi əsasən bu qoşun növündə büdcə vəsaitlərinin necə sərf olunduğunu araşdırmaqdır.
Bir sıra məlumatlara görə, HDQ rəhbərliyində olan bir sıra şəxslər çaşqınlıq içərisindədir. Onların əksəriyyəti sabiq nazir Əbiyevə yaxınlığı ilə seçilir. HDQ komandanı Şahin Sultanovun yaxın ətrafını “sakitləşdirməyə” çalışdığı deyilir.
Məlumatda bildirilir ki, yoxlama qrupu mühasibatlıq sənədlərini xüsusi diqqətə götürüb, bəziləri həmin sənədlərin məhv edilməsi ehtimalından danışırlar.
Ş.Sultanovun aparılan yoxlamalardan narazı qaldığı, ölkə rəhbərliyinə çıxış əldə etməyə çalışdığı deyilir.
“Doktrina” JHAM-a daxil olan məlumatlara görə, prokurorluq orqanlarının araşdırma apardığı istiqamətlər aşağıdakılardır:
1) Gəmilərin texniki vəziyyətinin yaxşılaşmasına, sazlığına ayrılan pulların xərclənməsi vəziyyəti;
2) Vəzifə və rütbələrin verilmə prosesində olan qanunsuzluqlar;
3) Ərzaq, yanacaq-sürtkü materiallarının istifadəsində qanunsuzluqların olması barədə ehtimallar;
4) Tədris və məşğələlərin keçirilməsi istiqamətində ortaya çıxan problemlər;
5) HDQ-i köcürülən zaman 40 yaxın ailənin mənzil hüquqlarının pozulması, pullarının, kompensasiyaların bir hissəsinin mənimsənilməsi istiqamətində ortaya çıxan məlumatlar və s.
Ekspertlərin sözlərinə görə, Ş.Sultanov vaxtilə Əbiyev qruplaşmasının əsas aparıcı şəxslərindən biri kimi həm də Hərbi Dəniz Qüvvələrində “əbiyevşinanın” əsasını qoyan və inkişaf etdirən admiraldır. Onun Əbiyevlə sıx münasibətlərinin hələ də qaldığı bildirilir. Hərbi mənbələrdən verilən məlumata görə, bütün bu məsələlərin, o cümlədən Ş.Sultanovun S.Əbiyevlə bağlılıq dərəcəsi və “əbiyevşinanın” Hərbi Dəniz Qüvvələrində kök atması məsələlərinin araşdırılması eyni zamanda milli təhlükəsizlik orqanlarına həvalə edilib.
Milaz.info