"Hərbi dokrtinada ciddi redaktələr etməyə ehtiyac görmürəm”.
Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert İbrahim Rüstəmli Milli Məclisin deputatı Elşad Mirbəşiroğlunun Azərbaycanın hərbi dokrtinasında dəyişiklik etməyin vacib olduğu barədə səsləndirdiyi fikri şərh edərkən deyib.
"Hərbdə deyildiyi kimi, heç bir döyüş əməliyyatı ideal deyil. Strateji baxımdan döyüş əməliyyatları planlarını qurur, praktikada isə onu reallaşdırırıq. Strateji baxımdan heç bir plan ideal olmur. O mənada ki, döyüş əməliyyatı planı reallaşdırılarkən, mütləq ona müxtəlif redaktələr etməliyik.
Cənubi Qafqazda geosiyasi vəziyyət kökündən dəyişib. 44 günlük savaşa qədər olan müddətlə müqayisədə, savaşdan sonrakı dövrdə koordinal dəyişikliklər baş verib. Azərbaycan öz daxili imkanları hesabına torpaqları azad etdi və bölgəmizdə ciddi geosiyasi reallıqlar yaradaraq, təşəbbüsü öz əlinə alıb. Bu baxımdan, hərbi doktrinada müəyyən dəyişikliklərin edilməsi mümkündür.
Dokrtinanın əsas ideyasını Azərbaycan Silahlı Qüvvələrinin ölkəmizin ərazi bütövlüyünü qoruması və ərazilərimizdən kənarda hər hansı bir döyüş əməliyyatı aparmaması, hər hansı bir ölkəyə qarşı ərazi iddiaları ilə bağlı əməliyyatlarda iştirak etməməyimiz təşkil edir. Doktrina ilə tanış olan birisi kimi deməliyəm ki, hərbi doktrinada ciddi redaktələrə ehtiyac yoxdur. Azərbaycanın hərbi doktrinası yetkin bir sənəddir”, deyə ekspert vurğulayıb.
Qeyd edək ki, Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu Azərbaycanın hərbi dokrtinasında dəyişiklik etməyin zamanı yetindiyini bildirib. Deputat qeyd edib ki, Azərbaycanın hərbi təhlükəsizliyinə olan təhdidlərin xarakteri dəyişib:
"Bu Azərbaycanın iradəsi və gücü sayəsində dəyişdi. Azərbaycan Cənubi Qafqaz regionunda regional təhlükəsizlik sisteminin qurulması missiyasını öz üzərinə götürüb. Azərbaycan Respublikasının Hərbi doktrinasında bu məqamın ayrıca göstərilməsi vacib olardı".
Rüfət Sultan