Müasir türk kinosunda iki böyük ad: Nuri Bilgə Ceylan və Zəki Dəmirkubuz. Bu iki rejissor bir-birini qısqanırmı, filmlərində bir-birlərinə "salam”mı göndərir, bu "salamlaşmalar” filmlərin dəyərini aşağı salır, yoxsa dəyər qatır?
Onların illərdi küsülü olması bu sualları türk mətbuatının müzakirəsinə çevirir. Və bu sualların işığında iki rejissorun "2 rəsm arasındakı fərq” tipli müqayisələri ortaya çıxır. Hətta iki sənət adamının umu-küsüsü türkiyəli kino tənqidçilərinin, qəzetçilərinin əlinə yaxşıca "malzəmə” verir, olanları yumoristik və obrazlı şəkildə təqdim edib oxucunu güldürə, düşündürə və tərəf tutmağa sövq edə bilirlər.
Məsələn belə: Dəmirkubuz film çəkər, sənət olar, Ceylan sənət yaradar.
Dəmirkubuz film çəkər festivala gedər, Ceylan festivallıq film çəkər, festivala gedər.
Dəmirkubuz o biri Türkiyədir, Ceylan C planıdır.
Dəmirkubuzu daha çox türklər sevər, Ceylanı daha çox xaricilər.
Dəmirkubuz Nəcib Fazıl Kısakürəyin "Otel odaları”dır, Ceylan Faruk Nafiz Çamlıbelin "Han duvarları”.
Dəmirkubuz "Beşiktaş”lıdır, Ceylan hansısa komandaya azarkeşlik etmirmiş kimi bir görünüş sərgiləyir.
Dəmirkubuz ağıllıdır, amma müdriklik nümayiş etdirməz, Ceylan isə müdrikdir və ağlını nümayiş etdirər.
İndi isə bir qədər dərinə gedək və iki rejissorun fərqinə filmlərinin timsalında varaq:
1. Zəki Dəmirkubuz həyatın uşağıdır, Nuri Bilgə Ceylan isə həyatı kənardan seyr edən, insanlar arasında dərin müşahidələr aparan bir adamdır.
2. Zəki Dəmirkubuz hekayələrinin ən kritik və ən çətin anları iç dünyasındakı hislərin qarşıdurmasıdır. Mətnaltı fikirlər haqqında az düşünür, buna görə də həmin anları ötəri və fərqli şəkildə təqdim edir. Ancaq Nuri Bilgə Ceylanın filmlərinin mərkəzində ölüm anlardır, o anların digərlərini necə hazırladığını da yaxşı bilir və bütövlükdə filmlərində bu ardıcıllıq, dərinlik və zəncirvari bir bağlılıq görünür.
3. Zəki Dəmirkubuz üçün kino sadəcə həyatla hesablaşmaq üçün bir vasitədir. Çünki onsuz da sənəti həyatın içində yaşayaraq öyrənib. Əslində, onun üçün sənət ortaya qoymaq yox, həyatın üstünə hayqırmaqdır önəmli olan. Ceylan isə həyatı kitablardan öyrənib, həyatı izah etmək üçün sənətə üz tutanda həyata dair müşahidələri, mədəniyyət və sənət tarixindən elə bəhrələnir ki, filmlərində sənət önə çıxır, həyat sadəcə vasitəyə çevrilir.
4. Nuri Bilgə Ceylan anlamağa çalışmaqla hər şeyi gözəl rəsm etməyə və buna xüsusi bir məna yükləmək üçün çalışır. Dəmirkubuz isə anlamağa çalışmır, etiraz etmək üçün əlləşib-vuruşur. Hər şeyi sorğulayır, "Bu, niyə belədir?” deyir. Mövcud quruluşa etiraz edir, müxalifdir.
5.Nuri Bilgə Ceylanın film çəkmək dövrü həyatın içinə qarışdığı, insanlarla məşğul olduğu, özünü sorğuladığı, hətta həyatla üzləşdiyi zamandır. İnsanlarla məşğul olmaq onun xoşuna gələn bir vəziyyət deyil, ona görə də yorulur, bu da sənətindən bezməsinə səbəb olur. Ancaq qurğuyla və daha sonrakı texniki işlərlə baş-başa qalanda özüylə baş-başa qalmış kimi olur və bu, onu rahatlaşdırır. Zəki Dəmirkubuz isə film çəkmək prosesində həyatın içinə doldurduqlarını çəkiliş meydançasında boşaldır. Yəni bu meydançada tamamilə azad olur. Onun yeri qurğu masası deyil, hislərini açıb-tökdüyü çəkiliş meydançasıdır.
6. Ceylan əslində filmlərinin heç birində bir hekayə danışmır. Buna görə də bütün filmləri həm danışılan bir hekayədən ibarətdir, həm də bir hekayənin fövqündədir. Bütün filmləri metafora kimi oxuna bilər və ya oxunmalıdır. Əgər metafora kimi oxunmasa, qavranılmaz, ya da yarımçıq oxunmuş kimi olar.
Dəmirkubuz isə hekayə danışır, filmlərinin kritik anlarında hekayədən çıxarılan nəticələri yüksək səslə dilə gətirir. Onun filmlərini məcazi mənada oxumaq, hekayəni arxa planda qoyur və bu da açıq-aşkar yanlışdır.
7. Zəki Dəmirkubuz həyatın içində itdiyi üçün ona etirazı var. Nuri Bilgə Ceylan isə yaşamın qarışıqlığının çölündə dayandığı üçün həyatla barışıqdır. Dəmirkubuz həyatda anı yaşayarkən ona cavab vermədiyindən həmin anları filmdə yenidən yaradaraq bağırmaq istəyir. Ceylanın isə bağıracaq cavabı yox, sorğulanacaq həyatı var. Hər şeyə təəccüblə baxar.
8. Zəki Dəmirkubuz materialistlikdən yorulmuş kimidir. Həyatı yaşayıb, uçurumun kənarına kimi… İndi isə sual vermək istəyir, bütün bunların niyə olduğunu soruşur və bununla bağlı verilən cavablara qarşı çıxır. Buna görə də filmləri polemikalıdır. Ceylan filminin mərkəzində duran isə məna axtarışıdır. Daha çox filmləri materialistdir. Həyatı doyunca yaşamadığından və insanlarla barışıq olduğundan…
Bəlkə də, bu müqayisəyə onlardan birinin təhsilli, digərinin təhsilsiz olmalarını qarşılaşdırmaqla başlamaq lazım idi. Ceylan təhsilli və şəhərli təbəqəni təmsil etdiyi halda Dəmirkubuz bazarda limon satdığını və müəyyən bir yaşdan sonra intellektual dünyasını genişləndirdiyini deyir. Bu fərq təkcə rejissorluq tərzlərinə yox, ssenarilərə də təsir edir. Biri orta sinif və insan münasibətlərini özünün dayandığı yerdən görüb danışır, digəri xalqın içində görür hər şeyi. Bu təhsil fərqi birini şəhərli, yəni istanbullu edir, digərini isə yox. Ancaq sonra gözlənilənin əksi olur, şəhərdə qalan Dəmirkubuz olur. Ceylan şəhərdən qaçan yuxarı və orta təbəqədən olan aydını görür, bəzən də istəmədən özünü bu vəziyyətin içində tapandan bəhs edir. Dəmirkubuz isə şəhərdən uzaq olub şəhərdə yaşamağa məcbur olanları, geri qayıtmaq istəyib qayıda bilməyənləri, bəlkə də oralardan qaçdığı üçün heç nəyə baxmayaraq xoşbəxt olanları danışdırır…
Və tamaşaçıların rəyinə əsasən, Ceylanın rejissorluğu və Dəmirkubuzun ssenariləri birləşdirilsə, ortaya mükəmməl filmlər çıxar. Ancaq onlar yuxarıda dediyimiz kimi – filmlərində bir-birlərinə "salam” göndərirlər…
Bəlkə, elə bu da bəsdir…