Xəbər lenti

Ölkə 18:13 02.05.2022

"Heydər Əliyev Fondu Azərbaycan təhsilinin inkişafına mühüm töhfələr verir” (RƏYLƏR)

"Bir məktəb açmaq bir cəza evinin bağlanması deməkdir. Əlbəttə ki, biz bunu alqışlayırıq".

Bunu Qaynarinfo-ya açıqlamasında sabiq millət vəkili, təhsil eksperti Şahlar Əsgərov Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevanın təhsilin inkişafına verdiyi töhfələrdən danışarkən deyib. Ekspert bildirib ki, məktəb müəllimlərin iş və valideynlərin isə ümid yeridir:



"Almaniyanın rəhbər şəxslərindən biri deyir ki, məktəbə pul xərcləməkdə qənaət etmək istəyən dövlətlər cəza evləri tikməyə məcbur olacaqlar. Ona görə həm Prezident İlham Əliyevin və birinci vitse-prezident Mehriban Əliyevanın məktəb açması alqışlanmalıdır. Məktəb işıqdır, məktəb tərbiyyə sistemi, gələcəyə baxışdır. Ona görə bu layihələrin sayının çoxalması əhəmiyyətlidir. Məktəb müqəddəs yerə çevrilməlidir. Müqəddəs yer açmaq isə şərəfli bir işdir”.

Təhsil eksperti Kamran Əsədov qeyd edib ki, hazırda respublikanın təhsil sistemində davamlı inkişafa yönəlmiş əsaslı infrastruktur dəyişiklikləri aparılır, bir çox dövlət proqramları və layihələr həyata keçirilir:



"Son dövrlərdə təkcə paytaxt Bakıda deyil, ölkəmizin bütün regionlarında müasir məktəblər inşa edilir, yeni korpuslar tikilir, məktəblərimiz öz simasını dəyişərək Avropa standartlarına uyğunlaşdırılır. Ümumiyyətlə, məktəb tikintisi son 20 ildən artıqdır ki, ölkədə prioritet olaraq qalmaqdadır. Məktəblərin maddi-texniki bazasının bütövlükdə müasir tələblər səviyyəsinə çatdırılması məqsədilə onların təlim keyfiyyətinə əhəmiyyətli dərəcədə təsir göstərən tədris laboratoriyaları, kitabxana və idman infrastrukturu ilə təmin olunması istiqamətində də ciddi addımlar atılıb”.

Kamran Əsədov deyir ki, dövlətimizin təhsillə bağlı strategiyasının həyata keçirilməsində Heydər Əliyev Fondunun fəaliyyəti danılmazdır:

"Rəsmi rəqəmlərə istinadən deyə bilərəm ki, Azərbaycanda məktəb tikintisi son illərdə sürətlə aparılır. Hazırda ölkəmizdə 4472 orta məktəb binası var və son 13 ildə ölkəmizdə 3 mindən artıq məktəb tikilərək istifadəyə verilib və ya əsaslı şəkildə təmir olunub. Bu prosesdə Heydər Əliyev Fondunun fəaliyyəti də xüsusilə qeyd olunmalıdır. Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu Azərbaycan təhsilinin inkişafına mühüm töhfələr verir”.

Qeyd edək ki, bu bün Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakının Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində inşa olunan 304 nömrəli tam orta məktəbin açılışı olub. Mərasimdə Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak edib.

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->