Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Amerika Birləşmiş Ştatlarında səfərdədir. O, bu gün ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla görüşüb. Görüşdə ABŞ-Azərbaycan tərəfdaşlığı və regional məsələlərlə bağlı səmərəli fikir mübadiləsi aparılıb.
Hikmət Hacıyevin habelə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfridlə görüşü gözlənilir. Dövlət Departamentində keçiriləcək bu görüşlərin mətbuat üçün qapalı olacağı bildirilir.
Qaynarinfo-ya səfərin məqsədini dəyərləndirən politoloq Zərdüşt Əlizadənin fikrincə, Azərbaycan ABŞ-dan silah almaq istəyir:
"Bakı Vaşinqtonla münasibətlər daha da istiləşdirmək istəyir. Görüş fonunda Azərbaycan rəsmiləri ABŞ-dan müəyyən zəmanətlər almağı da düşünür. Bakı habelə, ABŞ-ın ermənilərin xam xəyallarına bundan sonra daha dəstək verməməsini istəyir. Bunlar tamamilə qanuni istəklərdir və beynəlxalq hüquqa da uyğundur. Həmçinin, bu istəklər ABŞ-ın dövlət maraqlarına ziyan vurmur. Azərbaycana elə silahlar lazımdır ki, gələn təhlükələri dəf edə bilsin. Rusiya donanması hamını hədələyir. Onu neytrallaşdırmaq üçün Azərbaycana silah lazımdır”.
QAFSAM-ın sədr müavini Nazim Cəfərsoy isə düşünür ki, səfər fonunda Azərbaycanın Qərbin enerji təhlükəsizliyində rolu, Qafqazda yeni geosiyasi vəziyyətin gələcəyi, Amerikanın bölgədəki fəallığının artması kimi məsələlər gündəmə gələ bilər:
"Hikmət Hacıyevin Amerika səfəri Azərbaycanın ənənəvi balans siyasətinin Atlantik coğrafiyasına yönəlik hissəsidir. Son dövrlər Bakı-Vaşinqton istiqamətində müəyyən hərəkətləmələr baş verir. Baydenin göndərdiyi təbrik məktubları, ABŞ-ın ölkəmizdəki səfirinin Azərbaycan rəsmi nümayəndələrilə görüşləri buna misaldır.
Bu fonda Hikmət Hacıyevin ABŞ səfəri həmin münasibətlər sisteminin yeni mərhələsini təşkil edir. Əvvəllər amerikan rəsmiləri bura gəlirdi. İndi isə Azərbaycan rəsmisi ora gedir. Hikmət Hacıyevin həm də Baydenin Azərbaycan Prezidentinə ünvanladığı məktubdan sonra Vaşinqtona getməsi diqqəti cəlb edir. Ümumi mənada, səfəri Bakı ilə Qərb arasındakı münasibətlərin davamı kimi dəyərləndirmək olar. Müzakirələr fonunda Azərbaycanın Qərbin enerji təhlükəsizliyində rolu, Qafqazda yeni geosiyasi vəziyyətin gələcəyi, Amerikanın bölgədəki fəallığının artması da gündəmə gələ bilər. Səfər iki ölkə arasında münasibətlərin gələcəyi baxımından müəyyən müsbət cəhətləri də özündə əks etdirəcək”.
Rüfət Sultan