Xəbər verdiyimiz kimi, uşaq filmi olan "Gözəlçə və bədheybət" filminə gey personaj daxil olunub. Homoseksual personajın uşaq filminə daxil olunması bir sıra ölkələrdə müzakirələrə səbəb olub. Hətta ABŞ-ın Alabama ştatı filmin kinoteatrlarda nümayiş olunmasını qadağa edib.
Adıçəkilən film 16 martdan etibarən dünya üzrə təqdimatı baş tutacaq. Film eyni zamanda Azərbaycan kinoteatrlarında da nümayiş olunacaq. Bu haqda "Parkcinema" və "CinemaPlus" kinoteatrlarının rəsmi internet saytlarında da məlumat əldə etmək olar.
İstiPress "CinemaPlus" kinoteatrlar şəbəkəsinin PR meneceri Nərmin Həsənova ilə əlaqə saxlayıb. O, filmin nümayişdən çıxarıla biləcəyini gizlətməyib:
"Bu "Disney" şirkətinin məhsuludur. Təəssüf ki, bizim filmi əvvəldən izləmək imkanımız yoxdur. Kinoteatrın rəsmiləri olaraq bizdə filmin dəqiq sujet xətti hələ ki, yoxdur. Bəlkə də filmdə heç elə bir personaj yoxdur. Bizdə belə məlumat yoxdur. Bəlkə də filmin nümayişə çıxacağı gün biz onu nümayiş etdirməyəcəyik. Mən bunu dəqiq deyə bilmərəm. Amma bu günə bizdə belə bir məlumat olmadığından, biz filmi nümayişdən çıxartmırıq. Hələ vaxt var".
"Park Cinema" kinoteatrlar şəbəkəsinin PR meneceri Kəmalə İsmayılova da filmin nümayişdən qaldırılmasının mümkünlüyünü bildirib:
"Biz hələ filmin kontentini almamışıq. Bu, bəlkə də filmin PR-na yönəlmiş bir addımdır. Çünki bizə bir neçə dəfə filmlərin tam məlumatı gəlir. Lakin biz filmi izlədikdə göndərilən məlumatla ekran işi arasında fərq olur və qeyd olunanlar heç filmdə olmur. Bu maraq cəlb etmək üçün də ola bilər. Yəqin ki, mart ayının 10-u biz film haqda məlumatı əldə edəcəyik. Əgər orda qeyd edildiyi kimi qalmaqallı səhnələr olsa, əlbəttə ki, biz həmin filmi nümayiş etdirməyəcəyik. Bəlkə filmdə heç elə personaj da yoxdur. Filmə baxıb qərar verəcəyik".
Qeyd edək ki, uşaq filminin rejissoru Bill Kondon filmdə LeFu personajı haqda açıqlama verərək, onun homoseksual olduğunu bildirib və LeFunu Disney filmlərinin "möhtəşəm gey anı" adlandırıb.
Qaynar.Az