"İnsan Hüquqları Müşahidəçisi"nə ("Human Rights Watch" - HRW) görə, Tehran vətəndaş cəmiyyətini və etnik azlıqları sıxışdırmaq məqsədilə azərbaycanlı aktivistləri əsassız ittihamlarla ağır cəzalara məhkum edib.
Qaynarinfo xəbər verir ki, təşkilatın yaydığı
hesabatda İranın oktyabr ayından bəri 20-dən çox azərbaycanlı aktivisti həbs etdiyini və İran rəsmilərinin onlara ağır həbs cəzaları verərkən real sübut təqdim etmədiyini açıqlayıb.
Hesabatda azərbaycanlıların İrandakı ən böyük etnik azlıq olduğu və Bakı ilə Tehran arasındakı münasibətlərin gərginləşdiyi bir dövrdə bu həbslərin baş verdiyi vurğulanıb.
Tehranın İslam İnqilabı Məhkəməsi tərəfindən 10 azərbaycanlı aktivistə müxtəlif ittihamlarla 3 ildən 14 ilə qədər həbs cəzası verilib. HRW bunu "vətəndaş cəmiyyətini əzmək və etnik azlıqların fundamental haqlarını tələb etməsinin qarşısını almağa yönəlmiş təzyiq" kimi qiymətləndirir.
HRW-nin məlumatlı mənbələrə əsaslanan hesabatına görə, saxlanılan bəzi şəxslər ekoloji problemlərlə bağlı fəaliyyət göstərməkdə, İrandakı etnik qrupların vətəndaş haqlarını müdafiə etməkdə və 2022-ci il etirazları zamanı həlak olan və ya yaralanan nümayişçilərin ailələrinə yardım etməkdə ittiham olunub.
Digərləri isə "müxalif bir qrupa üzv olmaq", "dövlətə qarşı təbliğat aparmaq", "ölkəyə qarşı sui-qəsd hazırlamaq" və "dövlətə qarşı müxalif bir qrup yaratmaq" kimi ittihamlarla günahlandırılıb.
HRW-nin İran üzrə tədqiqatçısı Nahid Nəqşbəndi bildirib ki, İran rəsmiləri müxalifəti susdurmaq üçün sistematik şəkildə vətəndaş cəmiyyətini və etnik azlıqları ağır ittihamlar və uzunmüddətli həbs cəzaları ilə hədəf alır.
HRW həmçinin İran hakimiyyətinin həbs olunan şəxslərə sistematik şəkildə tibbi yardım göstərmədiyini, bəzilərinin təkadamlıq kamerada saxlanıldığını və psixoloji təzyiqlərə məruz qaldığını vurğulayıb.
Aydın
Şərhlər