Murad Kövrək el sənətkarıdır, aşıqdır, sazbənddir. Bu günlərdə, daha dəqiqi, iyulun 7-də 70 yaşı tamam oldu. Ailəsi onun doğum gününü ayın 1-də qeyd edir, amma bütün rəsmi kağızlarda sənətkarın dünyaya gəldiyi gün iyulun 7-si göstərilib.
Aşıq Murad Azərbaycanın ən məşhur aşıqlarından biri, dastanların bilicisi, ifası ilə bu gün də çoxunu heyran qoyan ustad Hüseyn Saraçlının şəyirdidir. Yəqin bilirsiz, Gürcüstanın azərbaycanlılar yaşayan hissəsi sözü, sazı xəstəlik həddində sevirlər. Oralarda aşıq da çoxdur, şair də. Yazıçılar nisbətən azdır, amma Azərbaycan ədəbiyyatında sözünü demiş adamlardır. Aşıq Murad da aşığın, şairin bol olduğu bu torpaqlarda dünyaya gəlib, yetişib, yetişdirib. Balacalıqdan saza meyli varmış Muradın. Atası usta olub, cır armud ağacından qapı, pəncərə, stol-stul, araba düzəldirmiş. Murad da onun əlinə baxıb, nələrisə götürürmüş, işi öyrənirmiş. Öyrənə-öyrənə də arada armud ağacını saz şəklinə salırmış.
Balaca, saza oxşayan əl işlərinə baxıb qürrələnirmiş. Toyda, şenlikdə isə aşıqların əllərinə baxaraq saz ifa etməyi öyrənmək istəyirmiş. Aşıq Murad deyir, arada aşıqlar çay içəndə onlardan icazə alıb sazı dınqıldadırdım. Kəndçiləri Aşıq Əhəd Muradın həvəsini görüb onu şəyirdliyə götürür. Təxminən iki il sazın sirlərini, vacib məqamları öyrədir ona. Və günlərin bir günündə balaca Muradın həyatında böyük dəyişiklik baş verir. Deyir, Hüseyn Saraçlı kəndə məclisə gəlibmiş. Ara bir az səngiyəndə Muradın kəndçiləri - aşıqlar Hüseyn Saraçlıya deyirlər ki, bizim kənddə saza, sözə heyran bir uşaq var. Ustad da deyir ki, gəlsin, bir ifa eləsin, görək. Murad "İncəgülü” havasını oxuya-oxuya ifa eləyir. Saraçlı da deyir ki, hə, bu uşaqda, əsl aşıq səsi var, bundan nəsə olacaq, ifası da pis deyil. Murad ürəklənir bu sözlərdən deyir, məni özünə şəyird götürərsənmi? O da deyir, niyə götürmürəm, bəxtin də gətirib, hazırda şəyirdim yoxdur. 1976-cı il imiş, onda ustadın 60 yaşı varmış. Amma o vaxt gərək üç aşıq ustadın yanına gedəydi ki, bəs filankəsi şəyird götürməyin üçün gəlmişik, ustad razılıq verəndən sonra şəyird ustanın evinə gəlirmiş. Murad Kövrək deyir ki, şəyirdliyi dövründə Saraçlının evində qalırmış, onda adət belə imiş. Əlavə edir ki, indi kim nazını çəkər şagirdin, kim qulluq edər. Deyir, ev işlərinə də nə vardı, bir oğlu vardı Saraçlının, iş varsa, onunla bərabər görürdük Hüseyn Saraçlının sazbəndliyi də varmış, dostlarının sazını sazlayırmış hərdən.
Günlərin bir günü Murad evlərinə gedir, bir həftə qalır, qayıdanda özünün elə bu günlərdə düzəltdiyi sazı ustada göstərir ki, bax, gör, necədir. Ustad da deyir ki, sən əməlli-başlı usta imişsən ki, sazbəndliyi yaxşı öyrən, həmişə sənə lazım olacaq, çörək tapacaqsan. Sazbəndliyin özülü bir az da belə qoyulur.
Aşıq Murad iki il Saraçlının evində qalıb, üç il də gəlib gedib. Saraçlıgildən Muradgilə 35 kilometr yol varmış. Murad Saraçlıya ümumilikdə beş il şəyirdlik edib. Murad Kövrək Hüseyn Saraçlının sonuncu şəyirdidir.
Hə, elə o vaxtlardan Aşıq Murad həm məclislərdə saz çalır, həm də sazbəndlik edir. "Kövrək dubeyti” adlı saz havası yaradır. Amma ümumilikdə üstünlüyü sazbəndliyə verib. Elə sazbəndliyin hesabına da övladlarına təhsil verib, qız köçürüb, oğul evləndirib. Əvvəlki yeri bir az böyük imiş, ticarət mərkəzlərindən birində yerləşirmiş, indi oranı idman zalı ediblər. Usta da qalıb əvvəlkinin yerinin yanındakı balaca bir məkanın ümidinə. Saz düzəltməyin, təmir etməyin əziyyəti çoxdur, indi də məkan lap darısqal, ona görə də, sənətkar işlərin əhəmiyyətli hissəsini evdə görür.
Ustad aşıqlardan Aşıq Ədalətlə yaxşı münasibəti olub Aşıq Muradın. Ədalət xalaoğlu deyirmiş Murada: "Ayə, xalaoğlu, bura gəl, görək”. Deyir, Ədalət savadlı adam idi, hər söhbətə uyğun bir məsəl çəkərmiş. Təbii ki, bir çoxları kimi Aşıq Ədalətin də sazını təmir edib sazbəndimiz. Ümumulikdə çox sənətkarların sazı sazbənd Muradın əlindən keçib.
İndiki aşıqları soruşuq, deyir, ustadı olmayan aşıq gendən tanınır, aşıq dili var, o dili bilməyənlər nə qədər öyünsə də, xeyri yoxdur. Amma ifası gözəl olan gənc aşıqlarımız da var, onların sayəsində bu sənətin yaşayacağına ümidi böyükdür.
Aşıq Murada indi daha çox Cənubi Azərbaycandan müraciət edirlər saz təmiri üçün. Orda yaxşı hörməti var sənətkarın.
Bakıdakı sazbəndlər haqqında soruşuruq sənətkardan. Deyir, ondan başqa paytaxtda cəmi 3 sazbənd var. Rayonlarda da az olsa belə, bu sənəti yaşadanlar var.
Mənə həmişə elə gəlir ki, sazın yanında hansısa alətin olması, yaxud saz çalınanda aşığın oxuması müqəddəsliyə xələl gətirir bir az. Aşıq Murad da deyir ki, o da sazın yanında başqa alətin, zurna-balabanın olmasının tərəfdarı deyil. Buna baxmayaraq bu cür ifanı sevənlərə də hörmətlə yanaşmaq lazımdır. O ki qaldı aşığın oxumasına, aşığa həm də oxumaq qabiliyyətinə görə ustad deyirlər, bineyi-qədimdən belə olub, yəqin indidən sonra da belə olacaq.
Yubileyi haqqında soruşuruq sənətkardan. Eləcə evdə, ailə üzvləri ilə qeyd etdiyini söyləyir, hamı dostları böyük bir yubiley tədbiri keçirməyi planlaşdırırlar. Havaların istiliyi, çox adamın istirahətdə olması səbəbindən tədbir bir az ertələnib. İnşallah, sentyabrda baş tutması gözlənilir. İndiyədək böyük yubiley tədbiri keçirilməyib sənətkar üçün, amma heç kimdən narazı deyil, əksinə hamıdan razılığını bildirdi. "Sənətkarı el dolandırır” deyirlər, yuxarıda da qeyd etmişdik, Aşıq Murad həm ifaçılığın, həm də sazbəndliyin hesabına həm bir qismət halal çörəyini qazanıb, həm də övladlarını yer-yurd edib. Mənəvi qazancı isə daha çoxdur aşığın, sazbəndin. Yanına gəlib gedənlərin çoxluğundan da hiss olunur bu. Məncə, mənəvi qazancı bol olduğuna görə, hər şeydən, hamıdan razıdır aşıq Murad. Nə deyək, o, hamıdan razı olduğu kimi Allah da ondan razı olsun.
70 yaşın mübarək, aşıq baba!
Ağa Cəfərli