
Yazıçı, kinodramaturq Rüstəm İbrahimbəyov Milli Şuranın fəxri sədri seçiləndə Müsavat başqanı İsa Qəmbər buna etirazını bildirmiş və demişdi ki, şura üzvlərinin əksəriyyəti fəxri sədrlik məsələsinə səs versə, Müsavat Partiyası bu qurumda təmsilçilik məsələsinə yenidən baxacaq.
Rüstəm İbrahimbəyov Milli Şuranın dekabrın 3-də keçirilən sessiyasında fəxri sədr seçilib. Müsavat Partiyasını Milli Şurada təmsil edən şəxslər bu səsvermədə iştirak etməyiblər.
Dekabrın 5-də “Media forum” saytına açıqlamasında Müsavat Divanının üzvü Vurğun Əyyub deyib ki, partiya Milli Şurada gələcək fəaliyyətini hələ müzakirə etməyib: “Müsavatın Milli Şuradakı gələcək fəaliyyəti hələ müzakirə olunmayıb. Bununla bağlı partiya Divanının iclasında müzakirələr aparıb bir qərara gələcəyik. Son qərar Müsavat Divanında veriləcək”.
Vurğun Əyyub daha sonra bildirib: “Təəssüf edirəm ki, Milli Şurada qarşıda duran vəzifələri konkretləşdirmək, təşkilatlanma işini sona çatdırmaq əvəzinə həmsədrlik, fəxri sədrlik kimi məsələlər müzakirə edilir. Rüstəm İbrahimbəyov Azərbaycana gələ bilmir və yaxud gəlmək istəmir. Şuranın kənardan idarə edilməsi isə mümkün deyil. Milli Şuranın ötən dövrdəki fəaliyyəti də bunu göstərdi. İndiyə qədər gördüyü işlərlə bağlı Rüstəm İbrahimbəyova təşəkkür etmək lazım idi. Onun fəxri sədr seçilməsi isə bir məna kəsb eləmir. Bəlli deyil ki, fəxri sədrin səlahiyyətləri nədir, görəcəyi işlər nə olmalıdır. Ona görə də Müsavat Partiyasında bu məsələlər geniş şəkildə müzakirəyə çıxarılacaq və bundan sonra partiyanın Milli Şuranın işində hansı şəkildə iştirak edib-etməyəcəyi aydınlaşacaq”.
Rüstəm İbrahimbəyov 3 dekabr sessiyasınadək Milli Şuranın sədri olub. Sessiya onun sədrlikdən istefasını qəbul edib və sədr vəzifəsinə builki prezident seçkisində Milli Şuranın namizədi olmuş professor Cəmil Həsənlini seçib.
Müsavat Partiyasını Milli Şurada bu şəxslər təmsil edir: İsa Qəmbər, Arif Hacılı, Arzu Səmədbəyli, Elxan Mehdiyev, Gülağa Aslanlı, İkram İsrafil, Qubad İbadoğlu, Mehman Cavadoğlu, Mustafa Hacıbəyli, Novella Cəfəroğlu, Osman Kazımov, Səxavət Soltanlı, Tofiq Hüseynov, Tofiq Yaqublu, Tural Abbaslı, Vəfa Cümşüdlü, Vurğun Əyyub.
Qaynar.info