
“ABŞ və Qərb Suriyaya hərbi müdaxilə planları üzərində müzakirələrə başlayıblar”
BayMedia-ya açıqlamasında belə deyən siyasi şərhçi Elçin Xalidbəylinin sözlərinə görə, əsas səbəb Əsəd rejiminin Suriya əhalisinə qarşı kimyəvi silahdan istifadə etməsi barədə iddialardır: “ABŞ-ın dövlət katibi Con Kerri vurğulayıb ki, Ağ Ev kimyəvi silah başlıqlı raketlərin hansı ərazidən və saat neçədə atıldığı barədə dəqiq məlumata malikdir. Və tarix buna seyrçi qalanları bağışlamaz.
Təbii ki, kimyəvi sılahdan istifadə bəşəri cinayətdir. Ancaq ABŞ və Qərb Suriyaya qarşı hərbi müdaxilə edərkən çox ehtiyatlı olmalıdır. Çünki məhz Suriyaya qarşı hərbi müdaxilə olduqca təhlükəli nəticələr verə bilər. Hətta, belə bir addımın bəşəriyyəti III Dünya müharibəsinə doğru aparan başlanğıc mərhələyə aparması da mümkündür.
Suriyaya hərbi müdaxilə edilərsə, İran böyük ehtimalla bu savaşa müşahidəşi kimi baxmayacaq. Rəsmi Tehranın açıq və ya səhnə arxasından Əsəd rejiminə hər cür dəstəyi verəcəyi şübhə doğurmamalıdır. Çünki Əsəd rejiminin çökdürülməsi İranı ABŞ və Qərbin qarşısında tamamilə təkləyə bilər.
Rəsmi Tehran bunu anladığından Əsəd rejiminə dəstək verməklə müqavimət göstərməyə çalışacaq. Digər tərəfdən, Rusiyanın da Suriyaya qarşı hərbi müdaxiləyə seyrçi qalacağına inanmaq sadəlövhlük olardı. Çünki Kremldə anlayırlar ki, Suriya və İran problemləri həll edildikdən sonra ABŞ və Qərb üzünü birbaşa MDB məkanına çevirəcək. Rusiya da özünə qarşı gözlənilən bu təhlükəni önləmək üçün Əsəd rejiminə dəstək verməyə və situasiyanı daha da gərginləşdirməyə çalışa bilər.
Nəhayət, Suriyaya qarşı hərbi müdaxilədən sonra Yaxın Şərqdəki savaş alovu müxtəlif vasitələrlə və müxtəlif qeyri-leqal qruplaşmaların əliylə tədricən Avropa qitəsinə də keçə bilər”.
Qaynar.info