Xəbər lenti

İki silsilə
Sənət12:39 02.12.2016

İki silsilə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Elnur Astanbəyli
“Arakəsmələr” silsiləsi
 (1) Doğmalıq
sadəcə
12 yaşımadək
eynəksiz baxa bildim 
dünyaya
indi 35 yaşımdayam
və
eynəyim gözlərimdən 
daha doğmadır...
(2) Qar adam
əriyir 
dünən günortadan 
düzəldilmiş qar adam  
ancaq 
əridikcə suya deyil
göz yaşına dönür
buna heyfslənən
balacaların yanaqlarında!..
(3) Dovşan qanı
bilirəm
bu dünyadan
yadımda
ən çox
göyün mavisi 
qalacaq 
yarpağın yaşılı 
günəşin sarısı
və
çölün bozu
ancaq
hamısından da çox
bu dünyadan yadımda
o qızın donunun 
dovşan qanı
qırmızısı qalacaq...
(4) Yuxuyozma
dalbadal
üçüncü gecədir 
yağış yağır yuxularımda 
və
burnuma quru ot qoxusu dəyir
ağlayıb ayılıram...
nədi bu yuxunun yozması? –
bilmirəm 
bildiyim bircə şey var:
bu səs-küylü 
boz-bulanıq şəhərdən 
çox uzaqda -
uşaqlığımın keçdiyi,
yağışdan sonra 
quru ot qoxuyan 
qaratoyuqlar oxuyan
o doğma yerlərdə
məni çoxdan unudublar...
(5) Və...
nə sərxoşdum
və
nə də yorğun
sadəcə, 
qəfil ürəyim istədi
yanından keçdiyim çoxqatlı binanın
bumbuz  divarına söykəndim
və
onun soyuqluğu
dalğa-dalğa yayıldı bədənimə
üşüdüm 
və
üşəndim:
sanki dünəndi 
Müşfiqin zalımca güllələndiyi
Hadinin xəbərsizcə öldüyü...
və
nə qədər xatırlamağa çalışsam da
gəlmədi yadıma sonuncu dəfə
gözümün içinin nə vaxt güldüyü!
noyabr-dekabr, 2015  
“Fevral” silsiləsi
(1) Ağırlıq
son qəpiklərimi də xərclədim
iki dənə siqaret aldım, bir çörək
sanki indi şalvarım düşəcək
bomboş ciblərimin ağırlığından
(2) Limonsatan qadına ithaf 
“neftçilər” metrosunun üstündə
məzlum görkəmli qadının
qarşısındakı limon dolu vedrənin 
üzərində polis təpiyinin izləri
bir hüznlü kitab kimi oxunur - 
nə yazıldığı bəlli orada
əlbəttə, anlayanlara...
(3) Bir dəstə gül
gəl indi başa düş bu işi - 
dünən arvadının ad günündə
evə əlində 
bir dəstə güllə gələn kişi
bəs bu gün 
məzarlıqdakı qəbirlərin üstündə
nə axtarır görəsən?
(4) Kimsəsiz evin hekayəsi
qonşuluqdakı kimsəsiz evin
səhərdən bəri
taxta qapısını döyür ağacdələn
siçovul civiltisi eşidilir içəridən
sanki soruşur: “kimdi gələn?”
(5) Boşluq
uşaqlar
bir az da
divardan asılacaq 
xoşbəxt ailə fotosunda
kişi ilə qadın arasındakı
boşluğu doldurmaq üçün 
doğulurlar...
fevral, 2016