"Almaniya Azərbaycanın ərazi bütövlüyünün vacibliyini vurğulayıbsa, münaqişənin həllinə də bu prizmadan yanaşmalıdır. Əks mövqe nümayiş etdırsə, bizim üçün Almaniyanın Rusiyadan heç bir fərqi olmayacaq".
Bu sözləri Qaynarinfo.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu prezident İlham Əliyevin Almaniyaya rəsmi səfərini şərh edərkən deyib.
Elxan Şahinoğlu Almaniyanın dırnaqarası "erməni soyqrımı" haqda qətnamə qəbul etməsindən sonra İlham Əliyevin səfərinin bir müddət sonraya təxirə salacağı ilə bağlı qərar olacağını düşünürmüş: "Amma hazırda dövlət başçısı Almaniyada rəsmi səfərdədir. Ola bilsin ki, bu məsələ ilə bağlı mövqe də bildirsin.Türkiyə və Azərbaycanın mesajlarını da almaniyalı rəsmilərin diqqətinə çatdırsın".
Politoloqun fikrincə, Almaniyadakı müzakirələri iki hissəyə bölmək olar: "Birinci hissədə iqtisadi əməkdaşlıq müzakirə olunacaq. İlham əliyev ilk gündən alman şirkətlərinin təmsilçiləri ilə görüşüb. İkinci hissə isə Qarabağ münaqişəsinin həlli ilə bağlı olacaq. Almaniya hazırda ATƏT-ın sədridir. Dağlıq Qarabağ münaqişəsinin həllinə maraq göstərir. Təsadüfi deyil ki, cəbhədə vəziyyət gərginləşəndə Almaniyadan xeyli açıqlamalar səsləndi. Hətta belə bir məlumat gəldi ki, Almaniya Xarici İşlər Nazirliyi 7 maddəlik təkliflər paketi hazırlayıb. O paketin mahiyyəti bilinmədi. Amma indiki səfər zamanı o paketin mahiyyəti Azərbaycan tərəfinə bildiriləcək. Almaniya xarici işlər nazirinin də bölgəyə səfəri nəzərdə tutulub. Azərbaycan prezidentindən öncə Ermənistan prezidenti də bu ölkəyə səfər etmişdi. Ona görə də ikinci istiqamətdə Dağlıq Qarabağ münaqişəsi ilə əlaqəli müzakirələr olacaq. Almaniya bir sıra hallarda Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Ümid edirik ki, münaqişənin həllində də bu prizmadan çıxış edəcək".
Elxan Şahinoğlunun sözlərinə görə, Almaniya, Fransa və s. böyük dövlətlər qondarma "erməni soyqrımı"ndan öz məqsədləri üçün istifadə edir: "Türkiyəni aşağılamaq, zəiflətmək və onun Avropa İttifaqına inteqrasiyasına mane olmaq istəyirlər. Almaniya bu qərarı qəbul etməklə tərəfsizliyinə kölgə saldı. Amma Almaniyanın Qarabağ münaqişəsinin həlli ilə əlaqəli siyasətini köklü dəyişərək Azərbaycanla Ermənistan arasında bərabərlik işarəsi qoyması onların özünə zərər gətirər".
Qafqaz Rafiqoğlu
Qaynarinfo.az