"44 günlük müharibə ərəfəsində iqtidar-müxalifət anlayışını aradan qaldırdıq və siyasi həmrəylik mühiti yaradıldı. Bu həm müxalifətin, həm xalqın, həm iqtidarın uğuru idi. Qarşıda düşmən var və onun qarşısında düşmən olar. Düşmənin qarşısına iqtidar, müxalifət, yaxud da bitərəf kimi çıxa bilməzdik. İlham Əliyev bu proseslərdə xalqı, müxalifəti, Azərbaycanı təmsil edən bir Ali Baş Komandan kimi birləşdirici funksiyanın öhdəsindən layiqincə gəldi”.
Bunu Qaynarinfo-ya açıqlamasında AĞ Partiya başqanı Tural Abbaslı Vətən müharibəsində Prezident İlham Əliyevinin həyata keçirdiyi siyasətin əhəmiyyətini şərh edərkən deyib. Partiya başqanı bildirib ki, həmin vaxt müxalifət partiyaları bir araya gəldi, birləşdi, vətən, millət, Qarabağ dedi, tam siyasi həmrəylik oldu:
"Bunun bu formatda alınmasında İlham Əliyevin özünün də müharibə öncəsi atdığı addımlar mühüm rol oynadı. Müharibədən öncə dialoq prosesi başladılmışdı, partiyalarla ünsiyyət qurulurdu, onların hər birinin təklifləri nəzərə alınırdı. Bunların özü dialoqun rahat getməsinə şərait yaratdı və müharibə zamanı Azərbaycanda partiyaların birgə bəyanatı oldu. Bu birləşdirici funksiya kimi təbii ki, Ali Baş Komandan çox önəmli rol oynadı. Biz bunu inkar edə bilmərik. Çünki orada İlham Əliyev YAP-ın sədri deyil, Azərbaycanın təmsilçisi kimi çıxış edirdi. Daxildə milli birliyin qalması, qələbəyə inamın olması, eyni zamanda beynəlxalq mediaya müsahibələrdə verdiyi mesajlar önəmli idi. Həmin ərəfədə bir çox partiyalar prezidentin bütün çıxışlarını sosial şəbəkədə paylaşır, fikir mübadiləsi aparırdıq”.
Tural Abbaslı əlavə edib ki, İlham Əliyev üzərinə hansı vəzifələr düşürdüsə, hamısına əməl etdi:
"Şuşa qələbəsindən sonra Azərbaycanda bütün partiyalar İlham Əliyevi təbrik elədi. Müfalifət olmağın öz yeri var, vahid xalq, dövlət olmağın öz yeri. Xalqımız bu müharibədə sübut etdi ki, hər şeyin zamanını gözəl bilir”.
Bahar Rüstəmli