"Prezident İlham Əliyevin daxildə və xaricdə apardığı siyasət Azərbaycanı güclü bir dövlətə çevirdi”.
Bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti Nurəddin Mehdixanlı deyib. Onun sözlərinə görə, dövlətin başında idrak sahibləri, dövlətçilik qüdrəti olan insanlar olanda xalq, millət qalib olur, uğurlar qazanır:
"Dövlətin başında duran adam həm siyasi iradəyə, həm ordu gücünə, həm də hərbi-strateji gücə malik olmalıdır. Bu Azərbaycanda baş verdi. Bir ölkənin başında xalqı, milləti tanıyan, onun qüruruna bələd olan rəhbər dayanırsa, həmin millətlər uğurdan-uğura gedir. Bir həqiqət var, İlham Əliyevin apardığı xarici və daxili siyasət kursu, təbliğat mexanimzi, resursların toplanması Azərbaycanın güclü orduya sahib olmaslı ilə nəticələndi. İlham Əliyev ətrafına çoxsaylı olmasa da, dostlarını yığdı. Bu gün onun yanında həqiqi dostlar dayanır. 44 gündə dövlətin başçısı, Ali Baş Komandan olaraq həm ordunun fəaliyyətini saatbasaat idarə edirdi, həm də dünya ilə savaşırdı. Dünya mətbuatı qarşısında söz savaşında idi. Həm isti, həm də soyuq savaşın ön cəbhəsində dayanırdı".
Xalq artistinin fikirincə, hər iki cəbhədə dövlət başçısının qələbəsi nəticə etibarı ilə Azərbaycan xalqının qələbəsi idi:
"Dünyanın gözü qarşısında dünən haqqı tanınmayan Azərbaycanın bu gün haqqı tanınmağa başladı. Bizi görmək istəməyən, haqqımızı tanımayanlar bu gün Azərbaycanın dövlət başçısının qəbuluna düşmək üçün növbəyə dururlar. Bütün dünya Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandanın qurduğu ordunun apardığı hərbi əməliyyatları öyrənməklə məşğuldur".
Aktyor hesab edir ki, Prezident İlham Əliyev Silahlı Qüvvələri məğlubedilməz və müzəffər orduya çevirib:
"Bundan da əlavə, xalqla ordunu bir yumruğa çevirə bildi. Sonda isə xalqın özünü bir orduya çevirdi, millət-ordu vəhdətini yaratdı. Azərbaycanın yeni hədəfləri var. Bizim qələbəmizi həzm elə bilməyənlər, bizə qarşı revanşist fikirlərdə olanlar, düşmənçilik mövqeyində dayananlar müxtəlif yollarla Azərbaycanın üstünə gəlməyə, onun inkişafını ləngitməyə çalışırdılar. Bu zaman Azərbaycanın dövlət başçısı bir çağırış atdı: "Mən 50 milyonluq Azərbaycan xalqının Prezidentiyəm”. İndi bizə qarşı düşmənçilik siyasəti yürüdən, torpaqlarımızı işğal edən erməni faşizminin yanında olan İranın şəhər və küçələrində Prezidentin dediyi bu fikirlər portret şəkilində asılıb. Bu gün Güney azərbaycanlılar "Siz bizim Prezidentimizsiniz, biz Sizin yanınızdayıq, arxanızdayıq” deyirlər”.
Nurəddin Mehdixanı qələbənin Azərbaycanın gələcəyi üçün yeni fürsətlər yaratdığını da vurğulayıb.
Bahar Rüstəmli