Prezident İlham Əliyev I Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün ölkəmizə səfərə gələn İslam Həmrəyliyi İdman Federasiyasının prezidenti, Səudiyyə Ərəbistanı Krallığının gənclər və idman naziri, Milli Olimpiya Komitəsinin prezidenti, Şahzadə Abdullah bin Mosaad bin Əbdüləziz Əl Səudu iyunun 13-də qəbul edib.
Qaynar.info AzərTAc-a istinadən xəbər verir ki, şahzadə Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Əl Səudun salamlarını dövlətimizin başçısına çatdırıb. O, I Avropa Oyunlarının açılış mərasiminin yüksək səviyyədə təşkil olunması münasibətilə İlham Əliyevi təbrik edib. Ölkələrimizin ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığının uğurla inkişaf etdiyini vurğulayan Abdullah bin Mosaad bin Əbdüləziz Əl Səud Səudiyyə Ərəbistanının Azərbaycan ilə əlaqələrin daha da genişləndirilməsinə böyük önəm verdiyini deyib.
“Bakı-2015” I Avropa Oyunlarının açılış mərasiminə toxunan İlham Əliyev mərasimdə nümayiş etdirilən kompozisiyanın Azərbaycanın tarixinin, mədəniyyətinin və müasirliyinin ifadəsi olduğunu vurğulayıb. Prezident ölkələrimiz arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğunu deyib.
Dövlət başçısı Kral Salman bin Əbdüləziz Əl Səudun salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Səudiyyə Ərəbistanının Kralına çatdırmağı xahiş edib.
İlham Əliyev bu gün həmçinin I Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün ölkəmizə səfərə gələn İtaliyanın Baş nazirinin I müavini Klaudio De Vinçentini qəbul edib. Klaudio De Vinçenti “Bakı-2015” ilk Avropa Oyunlarının açılış mərasiminin onda dərin təəssürat yaratdığını deyib.
Görüşdə Azərbaycan ilə İtaliya arasında strateji tərəfdaşlıq əlaqələrinin uğurla inkişaf etdiyi vurğulanıb, səfərin əməkdaşlığımızın müxtəlif istiqamətlərinin müzakirəsi baxımından önəmi qeyd olunub, əlaqələrin enerji, sərmayə qoyuluşu, kənd təsərrüfatı, ətraf mühitin mühafizəsi, qeyri-neft sektoru və digər sahələrdə daha da genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Qaynar.info