"Prezident İlham Əliyev torpaqlarımızı işğaldan azad edib, ölkəmizin sərrast xarici siyasi kursu sayəsində Azərbaycanı Cənubi Qafqazın lider dövlətinə, qlobal güclərin mübarizə meydanında parçalanmayan, əksinə bütövləşən və daha da güclənən, regioal çağırışlara daha sərt cavablar verən, qətiyyətli mövqe nümayiş etdirə bilən bir dövlətə çevirib”.
Bunu Qaynarinfo-ya siyasi şərhçi Şəhla Cəlilzadə Vətən müharibəsində qazandığımız böyük zəfərdən danışarkən qeyd edib. Ekspert qeyd edib ki, sadalananlar Prezidentin şəxsiyyətinin xarakterik xüsusiyyətləri də hesab edilə bilər:
"Sözü bütöv, mövqeyində prinsipial, davranışları sərt və qətiyyətli, milli maraqları hər şeydən uca tutmaq dövlət rəhbərinin əsas xüsusiyyətlərindəndir".
Şəhla Cəlilzadə bildirib ki, Ali Baş Komandan 44 günlük Vətən müharibəsində qazandığımız, məntiqi nəticə olaraq 10 noyabr 2020-ci il tarixində Ermənistanı kapitulyasiyaya məcbur edən Şuşa zəfərindən sonra Azərbaycan ictimai düşüncəsində baş verən proseslər bu tarixi qələbənin tariximizdə tutduğu yeri və zirvəni daima qorumağı, həmçinin bu zəfəri Azərbaycan xalqına bəxş edənlərə layiqli dəyəri-qiyməti verməyi tələb edir.
Ekspert qeyd edib ki, Azərbaycan nə Qərb, nə də Rusiya maraqlarının deyil, məhz öz milli maraqlarının keşiyində duraraq, bu ikisi arasında orta, birləşdirici güc rolunda çıxış edir və qlobal güclər qarşısında tərəfsiz davranışı ilə rəsmi Bakı 1943-cü ilin Tehranını xatırladır:
"Azərbaycan həm Qərb, həm Rusiya maraqlarının kəsişdiyi, lakin toqquşmadığı əməkdaşlıq platforması yaradır. Təsadüfi deyil ki, NATO və Rusiya rəsmilərinin ikitərəfli görüşü məhz 2019-cu ildə Bakıda keçirilib. Xarici siyasi uğurlarını daxili siyasi müstəviyə uğurla daşıyan və güclü millət quruculuğuna xüsusi diqqət yetirən cənab prezident Qarabağ məsələsində dünyanın qarşısında, beynəlxalq danışıqlar masasında tələb kimi qoyduğu 5 prinsipinə bənzər şəkildə, daxili auditoriya qarşısında da 5 prinsip qoyub ki, bunlar da "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” şəklində ifadə olunub”.
Şəhla Cəlilzadə qeyd edib ki, rəhbərin azərbaycançılıq ideologiyasını məhz "Böyük Millət-Güclü Dövlət” adlandıra bilərik:
"Öz gücünə-qüdrətinə inanan millətin yenilməzliyinə, əzilməzliyinə və Vətənin əbədi keşiyini çəkəcəyinə rəqib və düşmən cəbhələr də əmin olacaq. O zaman, Ermənistan üzərindən çəkiləcək Zəngəzur dəhlizi də Cənnət Azərbaycana düşmək istəyənlərin "Sirat körpüsü” olacaq.”
Günay İlqarqızı