“Prezident İlham Əliyevin Türkiyəyə səfəri və Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının IV iclasında iştirakı bir çox məsələlərin həlli baxmından olduqca vacibdir”. Bu sözləri axar.az-a açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.
Politoloq bu səfərdə ən diqqət çəkən məqamın Bakı-Ankara arasında cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsilə əlaqədar maliyyə xarakterli məlumatların mübadiləsində əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanmasının olduğunu bildirib:
“Memorandumun imzalanmasında hər iki tərəfin marağı xüsusilə qeyd olunmalıdır. Məhz bu baxımdan da protokol iki mühüm səbəbdən dolayı olduqca vacibdir. Azərbaycan vətəndaşlarının Türkiyə üzərindən Suriya və İraqa gedib terrorçulara qoşulmaları haqqında məlumatlar bu gün rəsmi Bakını narahat edən ən əsas məsələlərdən biridir. Azərbaycan üçün bu cür vətəndaşlar haqqında Türkiyədən dəqiq məlumatlar almaq olduqca böyük önəm daşıyır. Eyni zamanda protokolun imzalanmasında Ankaranın da marağı burada əsas rol oynayır: Ərdoğan Fətullah Gülən qrupu ilə mübarizəni davam etdirir və bu yolda Əliyevdən dəstək gözləyir. Çünki Gülən tərəfdarları hələ də Azərbaycanda güclüdürlər və ölkəmizdə böyük maliyyələri var. Türkiyə hökuməti isə bu pulları imzalanan protokola görə, “çirkli pul” sayır və deməli, Ankara bununla mübarizəni davam etdirmək istəyir. İndi Ankaranın əsas gözləntisi ondan ibarətdir ki, Bakı Gülən tərəfdarları ilə mübarizəni daha da genişləndirəcək və onların maliyyə imkanlarının məhdudlaşdırılması istiqamətində səylərini artıracaq”.
Xatırladaq ki, yanvarın 15-də Ankarada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə sənədlərin imzalanması mərasimi olub.
Qaynar.info