"Türk Dövlətləri Şurasının yaradılması, bu istiqamətdə aparılan müzakirələr praktiki olaraq təkcə Türkiyə-Azərbaycan deyil, eyni zamanda Orta Asiya türk dövlətləri ilə münasibətlərin yeni mərhələyə qədəm qoymasından xəbər verir. Bu kontekstdən bu günki sammit Azərbaycan, Türkiyə və Türkmənistan arasında üçtərəfli münasibətlərin dərinləşməsinə imkan verəcək”.
Qaynarinfo xəbər verir ki, bunun Milli Məclisin deputatı Vüqar Bayramov bu gün Türkiyə, Azərbaycan və Türkmənistan Prezidentlərinin Birinci Üçtərəfli Zirvə Görüşündə regional əməkdaşlıq məsələlərinin müzakirəsini şərh edərkən deyib. Deputat bildirib ki, Türkmənistan strateji olaraq Azərbaycan və Türkiyə ilə əlaqələrin daha da gücləndirilməsində maraqlıdır: "Türk dünyasının üç lideri bir araya gəlir. Bu gün Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Türkmənistana səfərə gediblər. Azərbaycanla Türkmənistan arasında anlaşma var, həmin anlaşmaya əsasən, Aşqabad mavi yanacağı İran vasitəsilə mübadilə formasında Azərbaycana təqdim edir. Müqaviləyə görə, illik iki milyard kubmetrədək qazın mübadiləsi nəzərdə tutulur”.
Vüqar Bayramov əlavə edib ki, Türkmənistan qazı Azərbaycan və Türkiyə vasitəsilə Avropa ölkəsinə ixrac edilə bilər:"Ona görə də qaz nəqli indiki halda müzakirə edilən məsələdir. Bu sammit iqtisadi əlaqələri genişləndirməklə yanaşı, həm də enerji sahəsində yeni addımların atılmasına imkan yarada bilər. Nəqliyyat, logistika və beynəlxalq yük daşımalar da tərəflərin diqqət mərkəzində olan məsələlərdəndir. 1.2 trilyon nominal, 4 trilyon 586 milyard dollar real ÜDM-ə malik olan türk dünyası birləşir və güclənir. 21-ci əsr türk əsridir”.
Bahar Rüstəmli