Siyasət 17:11 31.05.2023

“İlin sonuna doğru sülh sazişi imzalana bilər”- Politoloq

"Dövlət Departamenti bu açıqlaması ilə tərəfləri sərt ritorikadan çəkindirməyə çalışır ”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Taleh Əliyev ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Millerin Azərbaycan-Ermənistan danışıqları ilə bağlı verdiyi bəyanatı şərh edərkən deyib: 
 
"Ermənistan Azərbaycan arasında vasitəçilik edən tərəflərdən hər birinin fərqli maraqları var. Bunu dəfələrlə demişik. Moskvanın marağı Cənubi Qafqazda qalmaqdır. Kişinyovda iyunun 1-də olacaq danışıqlarda Fransanın daha aktiv iştirakının şahidi olacağıq. Fransa Ermənistan üzərindən Cənubi Qafqaza müdaxilə etmək, burada öz varlığını təsdiq etməyə çalışır. ABŞ isə hər iki ölkənin öz aralarında danışaraq, barışığa nail olub, bölgəsəl olaraq əməkdaşlıqda maraqlı olduğunu bəyan edib. Son Brüssel danışıqları ərəfəsində də Moskvanın ciddi narahatlıq keçirdiyinin şahidi olduq. ABŞ Dövlət  Departamenti rəsmisinin sözügedən açıqlamasını təhlil etsək Vaşinqtonun sərt ritorikaya qarşı olduğunun şahidi ola bilərik”. 

Bu isə həmsöhbətimizin fikrincə, o deməkdir ki, 1 iyun danışıqlarında və ondan sonrakı mərhələdə də tərəflər arasında ciddi irəliləyişin olması ehtimalı azdır:
 
"Prosesin gedişi ərəfəsində yeni-yeni təxribatlar baş verə bilər. Paşinyana xarici təhdidlər olmasa, o Azərbaycanla beynəlxalq prinsiplərə uyğun olaraq, eyni zamanda, Azərbaycanın tarixi ədalətli mövqeyini özündə əks etdirən sülh sazişi imzalaya bilər. Amma Rusiya, Fransa və İranın təzyiqləri fonunda Kişinyov danışıqlarında ciddi irəliləyişin olmasını gözləmirəm. Hətta görüşə getməmişdən öncə Paşinyan buna uyğun bir bəyanat səsləndirmişdi. Bəyanatın səsləndirməsi isə ona Rusiya tərəfindən olan təzyiqlərin nəticəsidir. Amma bununla belə danışıqların intensivləşməsi Bakı ilə İrəvan arasında müzakirələrdə prinsipial razılıq bazasının formalaşmasına gətirib çıxaracaq. Hər halda ilin sonuna doğru daha qalıcı sülh sazişinin ərsəyə gəlməsi daha inandırıcıdır, nəinki Kişinyov görüşündə sənədin imzalanamsı”. 

Qeyd edək ki, ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller yayımladığı bəyanatda Ermənistan və Azərbaycan arasında sülh danışıqlarının davam etməsindən məmnun olduqlarını bildirib:
 
"ABŞ dövlət katibi Entoni Blinkenin dediyi kimi, Cənubi Qafqazda sülhə nail olmaq olar. Ermənistan və Azərbaycan liderləri bu  həftənin sonunda Kişinyovda avropalı tərəfdaşlarımızla görüşəcəklər. Ümid edirik ki, bu  məsələlərin həlli zorakılıq yolu ilə deyil, masa arxasında məhsuldar danışıqlarla olacaq. Aqressiv  ritorika yalnız keçmişin zorakılığını davam etdirə  bilər. Konstruktiv dialoq sülh, imkan və ümid yarada bilər. Birləşmiş Ştatlar bölgədə davamlı və qalıcı sülh sazişinin bağlanması üçün hər iki tərəfin səylərini dəstəkləməyə hazırdır”. 

Rüfət Sultan