
Noyabrın 18-də Ali Məhkəmədə REAL Hərəkatının həbsdə olan sədri İlqar Məmmədov və Musavat Partiyası başqanının müavini Tofiq Yaqublunun barələrində olan məhkəmə qərarından verilən kassasiya şikayətinə baxılıb və hakim Əli Seyfəliyevin qərarı ilə kasassiya şikayəti təmin edilməyib.
"Respublikaçı Alternativ" (REAL) Hərəkatının icraçı katibi Natiq Cəfərli Qaynarinfo.Az-a İlqar Məmmədovla bağlı hansı addımların atıldığını və sağlamlığı ilə bağlı məlumat verib:
"İlqar Məmmədovla bağlı “ReAl” tərəfindən həm beynəlxalq miqyasda, həm də ictimaiyyət arasında məsələnin aktuallaşması və gündəmdə qalması üçün addımlar atılır. Beynəlxalq miqyasda atılacaq addımlardan biri Avropa İnsan Hüquqları Məhkəməsinin növbəti qərarı gözlənilir. Artıq kommunikasiya işləri başlayıb və bitmək üzrədir. Bu ikinci qərar olacaq. Bu dəfə daha sərt qərarın olması gözlənilir. Çox güman ki, qərar gələn ilin əvvəllərində veriləcək. Növbəti qərar həm hökumətin daha ciddi çəkildə cərimələnməsinə və İlqar Məmmədovun dərhal azad edilməsinə yönəlik bir qərar olması gözlənilir. Bundan başqa, dekabrın 6-sında Avropa Şurasının Nazirlər Komitəsinin İlqar Məmmədovla bağlı növbəti qərarın açıqlanması gözlənilir. Beynəlxalq platformalarda İlqa Məmmədovun hüquqlarının müdafiəsinin təşkili üçün “ReAl” əlindən gələni edir. Bu işlər İlqar Məmmədovun azad olmasına qədər davamlı şəkildə gedəcək. Daxildə isə ictimaiyyət arasında kifayət qədər İlqar Məmmədovun azad olunmasının labüdlüyü ilə bağlı fikir formalaşıb. Artıq cəmiyyətin bütün kəsimlərində İlqar Məmmədovla bağlı məlumatların olması və siyasi sifariş əsasında həbs edilməsinə dair heç bir fikir ayrılığı yoxdur. Bu yöndə də işlər davam edir. İlqar Məmmədovun özü və ailəsi ilə bağlı problemlərin həllini 3il 9 aydır ki, “ReAl” Hərəkatı öz üzərinə götürüb, bundan sonra da həm siyasi və humanitar yardım davam edəcək".
ReAl-ın icraçı katibi Natiq Cəfərli bildirib ki, İlqar Məmmədovun sağlamlığında heç bir problem yoxdur:
"Bu ayın 19-da ailəsi İlqar Məmmədovla görüşüb. Ümumi durumu yaxşıdır, sağlamlığı ilə bağlı heç bir problem yoxdur. Sadəcə, məlumatsızlıq problemi var. Son zamanlar İlqar Məmmədovun yanına gedən vəkillər lazımsız yoxlanışlara məruz qalırlar. Məlumat çatışmazlığı var, başqa problemi yoxdur. Yoldaşına da demişdi ki, mənim məhkəmədən heç bir gözləntim yoxdur".
Qeyd edək ki, İlqar Məmmədov 2013-cü il yanvar ayının 24-də İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunub. Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İlqarMəmmədov 7 il müddətinə azadlıqdan məhrum edilib.
Pərvin Zeynal
Qaynarinfo.Az