
"REAL Sədri İlqar Məmmədovun 90 saylı Ağdaş dairəsi üzrə namizədliyinin ilkin qeydiyyatının ləğvi ilə əlaqədar Bakı Apellyasiya Məhkəməsində ilkin məhkəmə baxışı keçiriləcək".
Qaynarinfo.az xəbər verir ki, bu barədə məlumatı İlqar Məmmədovun səlahiyyətli nümayəndəsi Natiq Cəfərli verib.
Natiq Cəfərlinin sözlərinə görə, bu gün ona məhkəmədən zəng edərək şikayətə baxışı 12 May saat 16:00-a təyin edildiyini söyləyiblər: "İlqar Məmmədovun səlahiyyətli nümayəndəsi kimi mən məhkəmədən İlqar bəyin də iştirakının təmin edilməsini tələb etmişəm, İlqar bəy hələ də Şəkidə saxlanılır, Bakıya gətirilməsi yubadılır. Ümid edirəm ki, sabah məhkəmədə İlqar bəyin iştirakı təmin ediləcək və o Bakıya gətiriləcək".
Xatırladaq ki, Mərkəzi Seçki Komissiyası mayın 5-də İlqar Məmmədovun passiv seçki hüququnun itirilməsi il bağlı açıqlama yaymışdı.
Açıqlamada qeyd olunurdu ki, aprelin 29-da Şəki Apellyasiya Məhkəməsində İlqar Məmmədov barəsində hökm qüvvəyə minib. Seçki Məcəlləsinin 13.3.1-ci maddəsinin tələbinə əsasən İlqar Məmmədov bununla da passiv seçki hüququnu itirib.
İlqar Məmmədov 2013-cü ilin yanvarında İsmayıllı iğtişaşlarının təşkili ittihamı ilə 7 il müddətinə azadlıqdan məhrum edilib.
"Amnesty International" İlqar Məmmədovu vicdan məhbusu kimi tanıyıb.
MSK noyabrın 17-də keçirilən iclasında 90 saylı Ağdaş seçki dairəsində qeydə alınmış deputatlığa namizədlərin müraciəti əsasında həmin dairədə seçkilərin nəticələrini ləğv edib. 90 saylı dairə üzrə lider namizəd IV çağırış Milli Məclisin deputatı, "AGBank" Müşahidə Şurasının sədri Çingiz Əsədullayev olub.
Qaynarinfo.az