Dünya 11:55 29.11.2023

Şimal Avropa ölkələri Baltik dənizində 20 gəmi ilə patrul edəcək

Böyük Britaniyanın başçılıq etdiyi Şimali Avropa dövlətlərindən ibarət Birgə Ekspedisiya Qüvvələrinin (JEF) müdafiə nazirləri çərşənbə axşamı günü təxminən 20 döyüş gəmisi ilə Baltik dənizi və Şimal dənizinin bəzi hissələrinin patrullarını gücləndirmək barədə razılığa gəliblər.

Qaynarinfo "Yevropeyska pravda”ya istinadən xəbər verir ki, bu barədə İsveçin müdafiə naziri Pol Yonson SVT-yə açıqlamasında bildirib.

Böyük Britaniyanın rəhbərlik etdiyi Birgə Ekspedisiya Qüvvələrinin (JEF) müdafiə nazirləri növbədənkənar iclasda dekabrın 1-dən etibarən təxminən 20 hərbi gəmi ilə Baltik dənizində patrul xidməti həyata keçirmək qərarına gəliblər.

İsveçli nazir bu qərarı "çəkindirici olan və sabitləşdirici" adlandırıb.

"Söhbət dəniz müşahidəsindən gedir, təhlükəsizlik vəziyyətini nəzərə almaq və su altında kritik infrastrukturu daha yaxşı qorumaq üçün Baltik dənizində, eləcə də Şimali Atlantikanın bəzi hissələrində 20-yə yaxın döyüş gəmisi fəaliyyət göstərəcək”, deyə o, izah edib.

Yonsonun sözlərinə görə, JEF əvvəllər bu cür əməliyyat fəaliyyətləri ilə bağlı qərarlar qəbul etməyib və indiki qərar Şimali Atlantika Alyansı ilə sıx məsləhətləşmələr əsasında baş tutub.

"Bu, əlbəttə ki, dünyada, lakin xüsusilə öz regionumuzda təhlükəsizliklə bağlı çox ciddi vəziyyətinin əlamətidir və biz kritik infrastrukturu qorumaq, habelə Rusiyaya siqnallar göndərmək üçün bu cür əməliyyatları həyata keçirə bilməliyik", deyə nazir əlavə edib.

Xatırladaq ki, keçən il Baltik dənizində Rusiyanın "Şimal axını” qaz kəmərlərində partlayışlar baş verib və bu, region dövlətlərini sualtı infrastrukturun təhlükəsizliyinə diqqət yetirməyə məcbur edib. 

Nizami Bağırov