Xəbər lenti

İngiltərə futbolu çalxalanır: Daha 10 məşqçi rüşvətdə ittiham olunur - VİDEO
İdman11:57 29.09.2016

İngiltərə futbolu çalxalanır: Daha 10 məşqçi rüşvətdə ittiham olunur - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İngiltərənin "Kvins Park Reyncers" (KPR) klubunun baş məşqçisi Cimmi Floyd Hasselbaynk rüşvət almaqda ittiham edilir.

Qaynarinfo.Az xəbər verir ki, hollandiyalı mütəxəssisin saxta "Far İstern" ("Uzaq Şərq") firmasından 55 min funt (təxminən 116 min manat) pul götürdüyü artıq çəkilən gizli video vasitəsilə sübuta yetirilib.

44 yaşlı çalışdırıcı bu pul müqabilində Sinqapura uçub öz oyunçularının saxta şirkət adından müqavilə bağlamasına razılıq verib. Özünü yuxarıda qeyd edilən şirkətin əməkdaşı kimi təqdim edən "Teleqraf"ın xanım jurnalisti bunun müqabilində əvvəlcə ona 35 min funt təklif edib. Hasselbaynk isə onu razı salan məbləği verməyi istəyib. Nəticədə tərəflər 55 mində razılığa gəliblər.

Həmin görüşdə "Mançester Yunayted"in sabiq hücumçusu, hazırda futbol meneceri olan şotlandiyalı Skott Makqarvi də iştirak edib. O da təsdiqləyib ki, Hasselbaynk ona oyunçularını təklif edib.

Klub isə açıqlamasında bildirib ki, baş məşqçilərinə qarşı olan ittihamdan xəbərdardırlar və bu barədə klub daxilində araşdırma aparılacaq. Bununla belə, London klubu bəyan edib ki, Hasselbaynkın günahsız olmasına inanırlar.

"Çelsi"dəki çıxışları ilə tanınmış sabiq hücumçu Hasselbaynk isə ittihamları rədd edib: "Mənə cənab Makqarvi və "Teleqraf"dan xanım Nyuell oyunçuların meneceri olmaq istəyi ilə yaxınlaşdılar. Onlar mənə Sinqapurda çıxış etmək üçün pul təklif etdilər. Mən bunda qeyri-adi bir şey görmürəm və başa düşmürəm ki, söhbət niyə bu qədər böyüdülüb. Onlara heç bir söz verməmişəm. KPR-dən hansısa oyunçunun bu məsələyə şəxsi qazancım naminə cəlb edilməsini də istəməmişəm. Öz tərəfimdən qanunsuz məsələdə çəkilən hər hansı ittihamları qəbul etmirəm".

Qeyd edək ki, "Teleqraf" qəzeti İngiltərə millisinin baş məşqçisi Sem Ellerdaysın korrupsiyada əməlini aşkara çıxardığı üçün onun postundan qovulmasına nail olmuşdu. Bundan başqa, bu qəzet adları hələ açıqlanmayan 8 məşqçinin oyunçu transferindən rüşvət götürdüyünü müəyyən edə bilib.

Ötən gecə Çempionşipdə (İngiltərənin I dəstəsi) çıxış edən digər klub "Barnsli"nin şotlandiyalı məşqçisi (komandanın müvəqqəti baş məşqçisi) Tommi Rayt transferdən 5 min funt rüşvət götürdüyü üçün klubdan uzaqlaşdırılıb. Məhz bundan sonra İngiltərə futbolunda əsas səhmdarlar birgə bəyanat hazırlayaraq çıxış ediblər ki, futbolda hər hansı korrupsiya iddiaları ortaya çıxarsa, araşdırılacaq.

Onu da bildirək ki, "Teleqraf" bu araşdırmalara futbol menecerləri Skott Makqarvi, 2005-ci ildə danışılmış oyunlara görə 5 illiyə futboldan uzaqlaşdırılmış italyan Pino Palyara və onun tərəfdaşı Daks Praysın məşqçilər barədə dediklərindən sonra başlayıb. Həmin 8 məşqçinin adını da məhz bu menecerlər çəkib.

Qaynarinfo.Az