Xəbər lenti

“İnsanın azadlıqdan məhrumiyyəti elə doğuşdan başlayır” - Cimmi Morrison
Sənət10:37 30.12.2016

“İnsanın azadlıqdan məhrumiyyəti elə doğuşdan başlayır” - Cimmi Morrison

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Qaynarinfo.Az “The Doors” rok qrupunun əfsanəvi solisti, 27 yaşında vəfat edən Cimmi Morrisonun seçmə fikirlərini oxucularımıza təqdim edir. 

Cimmi Morrisonun həyat qaydaları

Üsyanla, iğtişaşla, xaosla və xüsusilə məntiqsiz görünən hadisələrlə əlaqədar hər şey məni maraqlandırır. Məncə, bu elə azadlığa gedən yoldur. 

Məncə, Amerikadakı həyat tərzinin məntiqi davamı ölkənin prezidenti olmaq arzusudur. 

Ürəyiniz istəsə, bizi erotik siyasətçilər adlandıra bilərsiniz. Biz roknrol qrupuyuq, biz blyuz qrupuyuq, biz sadəcə olaraq qrupuq, amma həm də bir qrupdan daha artığıq. “The Doors”un konserti açıq sessiyadır, biz dramatik diskussiyalar aparır və əyləncəylə məşğul oluruq. Səhnəyə daxil olmaqla biz toplanmış publikayla birgə bir dünya yaradırıq. Bu, hərəkət edən bədənin heykəlidir.   

Bu siyasətdir, amma bizim gücümüz seksdədir. Bizim konsertlərimiz sekslə əlaqədar olan siyasi qarşılıqlı təsirdən ibarətdir. Seks məndən çıxır, sonra səhnədəki digər ovsunlanmış musiqiçilərə keçir. Musiqi auditoriyaya çatır və ona qarşılıqlı təsir edir. İnsanlar evlərinə gedirlər və öz reallıqlarıyla qarşılıqlı təsirdə olurlar, sonra bu reallıqla mən qarşılıqlı əlaqədə oluram, beləliklə, bütün bu seks əhvalatı böyük enerji və ehtiras mənbəyinə çevrilir. 

Bir var məşhur, bir də var qeyri-məşhur, onların arasında isə qapı var. 

Mənim belə bir möhtəşəm formulum vardı – öz təhtəlşüuruma təsir etməkçün ondan istifadə edirdim. Mən yatır və dayanmadan təkrar edirdim: “Ananı qayır, atanı öldür. Ananı qayır, atanı öldür”. 

Musiqi mənim təsəvvürümü azad edir. Publika qarşısında mahnılarımı ifa etməyim dramatik aktdır, bu təkcə teatrda oynamaq deyil, həm də sosial akt, real fəaliyyətdir.  

İstərdim ki, öz şəxsi teatrımı yaradım. Bu çox maraqlıdır. Baxmayaraq ki, mahnı oxumağı hələ də xoşlayıram. 

Elə bilirdim yazıçı, sosioloq, ya da dramaturq olacam. Sonrasa özümün ilk 5-6 mahnımı yazdım, yazdıqlarım sadəcə beynimdə baş verməkdə olan rok-konsertdə ifa edilən mahnılar idi. Yazıb bitirəndə isə onları oxumalı oldum. 

Mən çox acgözəm, nə qədər çox olsa, o qədər yaxşıdır. Çox istərdim evimdə qızıl külçələr olsun, elə-belə, qoy olsunlar. 

Məni bir sual həqiqətən narahat edir. Kök olmaqda axı nə problem var? Arıq və yüngül olmaq fəlakətdir, külək əssə, sizi uçuracaq. Piy isə gözəllikdir. 

Mən marakaslarda ifa edirəm. Pianinoda bir neçə mahnı çala bilirəm – özümün bir neçə mahnısını, ona görə də bu musiqi deyil, sadəcə səs-küydür. Çox istərdim gitarada çala bilim, amma hələlik həvəsim yoxdur. 

Poeziya mənə yaxındır, ona görə ki, o əbədidir. Nə qədər ki, yer üzündə insanlar yaşayır, sözləri və onların qafiyələnməsini xatırlayacaqlar. Heç kim holokostdan sağ çıxa bilməz, musiqidən və poeziyadan isə çıxa bilər. 

Özümün ilk şeirini mən hardasa 5-6-cı sinifdə yazmışam. Onun adı “Poni eksperss” idi.

Yuxarı siniflərdə olanda bir xeyli qeyd dəftərim vardı. Hansısa axmaq bir səbəbdən – ola bilsin, bu həm də müdrik qərar idi – mən onların hamısını atdım. Bu iki dəftəri yenidən əldə etmək üçün nələr verməzdim. Mən yazdıqlarımı xatırlamaq üçün hətta hipnoz kurslarına yazılmağı, yaxud tiopental natriy qəbul etməyi belə düşünmüşdüm – axı mən onları gecə-gündüz demədən yazmışdım. Amma digər tərəfdən də, əgər mən onları atmasaydım, daha heç vaxt orijinal bir şey yaza bilməzdim, orda olanlar əsasən o şeylərdi ki, mən haqlarında oxumuş və ya dinləmişdim, kitab sitatları filan kimi. Zənnimcə, onlardan xilas olmasaydım, heç vəchlə azad olmazdım. 

İnsanlar azadlıqdan qorxub öz qandallarına bağlı qalırlar. Bu onlara təhlükəsizlik hissi verir. 

İnsanın azadlıqdan məhrumiyyəti elə doğuşdan başlayır. Cəmiyyət, valideynlər – hamısı doğuşdan sizə verilən azadlığı məhdudlaşdırmağa çalışırlar. 

Əgər bir şeyi dayanmadan təkrar etsən, tez, ya gec bundan bezəcəksən. Kim istəyər ki, 24 saat sərasər inqilab söhbətlərinə qulaq assın? 

Deyəsən, mən zarafatca valideynlərimin öldüyünü demişəm. Mənim hələ qardaşım da var, ancaq artıq bir ildir ki, onu görmürəm. Onların heç biriylə əlaqəm yoxdur. 

Bizim ən yaxşı çıxışlarımız klublarda olub. Konsertlər əlbəttə ki, yaxşıdır, ancaq orada musiqiylə heç bir əlaqəsi olmayan kütlə təəssüratı da olur. Klubda isə hər şey başqadır, dinləyicilər sənin, sən də onların necə tərlədiyini görürsən. Heç bir yalan-palan da yoxdur. 

İçmək mənə ləzzət edir. Ancaq mən süd, su, yaxud koka-kola içə bilmərəm. Nahar, yaxud şam tam yerinə otursun deyə, pivə, yaxud şərab içmək lazımdı. 

Bu qumara bənzəyir. Sən gecə içməyə gedirsən, amma bilmirsən o biri gün səhər harda oyanacaqsan. Ola bilər hər şey yaxşı, ola da bilər hər şey kabusla nəticələnsin. Bu, zər atmaq kimi bir şeydir. 

Din vaxtının böyük hissəsini həsr etdiyin fəlsəfə kimi bir şeydir. O,  narkotika, alkoqol, pul və ədəbiyyata da müqayisə edilə bilər. Din haqqında düşündüyün və vaxtının çoxunu həsr etdiyin bir şeydir. 

Nə qədər düşmənçilik olsa, o qədər yaxşıdır. Müxaliflik – yeni dostluqdur. 

Sevgi – yuxudur. Yuxular yaxşı şeydilər, amma gözü yaşlı oyansan, təəccüblənmə. 

Sevgi yaralayır, duyğular həyacan təbili çalır. İnsanlara ağrının təhlükəli olduğu öyrədilib. Amma onlar hiss etməkdən qorxurlarsa, sevgiylə necə başa çıxacaqlar?

Tənhalıqdan doğan daxili ağrı daha qorxuncdur, nəinki bir başqasının səni ağrıtması. 

İnsanlar ölümdən ağrımaqdan daha çox qorxurlar. Bu qəribədir. Axı həyat ölümdən daha ağrılıdır. Nə zaman ki, ölürsən, ağrı sona çatır. 

Sonuncu mahnını nə zaman oxuyacağını heç vaxt bilə bilməzsən. 

Rus dilindən tərcümə: Cavid Ramazanlı

Qaynarinfo.Az