Xəbər lenti

İntiqam Əliyev ayaq üstə dayananda çətinlik çəkir
Siyasət07:25 02.11.2014

İntiqam Əliyev ayaq üstə dayananda çətinlik çəkir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İntiqam Əliyevin diaqnozu açıqlandı - həbsdən sonra vəkilin boyun və bel nahiyəsində xəstəliklər yaranıb.

Həbsdə olan Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri, vəkil İntiqam Əliyevin avqustun 24-də aparılan müayinəsinin nəticələri açıqlanıb. Vəkilin boyun nahiyəsində osteoxondroz (duzlaşma), belində isə pratuziya (yırtıq) aşkar edilib. Bu haqda oktyabrın 31-də İntiqam Əliyevlə görüşəndən sonra qızı Nərmin Kamil Facebook səhifəsində yazıb.

İntiqam Əliyevin səhhəti oktyabrın 24-də keçirilən məhkəmə prosesində kəskinləşmişdi. İstintaq orqanı vəkili təcili müayinə üçün Onkoloji Mərkəzə aparmağa məcbur olmuşdu. İntiqam Əliyevin vəkili Cavad Cavadov “Yeni Müsavat”a açıqlamasında bildirmişdi ki, dayaq hərəkət aparatında problemlər yaranan İntiqam Əliyevin səhhətinin kəskin ağırlaşması məhkəməyə 9 məhkumla eyni maşında gətirilərkən havasızlıqdan yaranıb.

Nərmin Kamil yazır ki, atasının səhhətində ciddi geriləmə var: “Pozitiv görünməyə çalışsa da, atam ayaq üstə durmağa çətinlik çəkirdi. Bizə bildirdilər ki, müalicə ambulator şəraitdə davam edəcək. Baş ağrıları özünün dediyinə görə, həbsdən sonra əsəb sisteminin pozulduğuna və psixoloji gərginlik keçirdiyinə görədir. Cəmi 2-3 saat yata bilir. Çox sayda əsəbsakitləşdirici dərmanlar qəbul edir”.

Nərmin Kamilin diqqət çəkdiyi daha bir məsələ havaların kəskin soyumasına baxmayaraq istintaq təcridxanasının qızdırılmamasıdır: “Kameralar çox soyuq olduğu üçün İntiqam Əliyev tez-tez qrip olur. Təcridxananın istilik sistemi noyabrın 15-də işə salınacaq. Ancaq söz veriblər ki, kameraya qızdırıcı veriləcək”. 

Nərmin Kamilin sözlərinə görə, atasının içəridə yazdıqları kənara buraxılmır: “İntiqam Əliyev ona ünvanlanan məktublara, jurnalistlərin suallarına cavab verə bilmir. Hər dəfə vəkilləri ilə görüşə gələndə onun yazdıqları əlindən alınır və geri qaytarılmır. Vəkillərlə görüşdükdə isə vaxt az, müzakirə edilməli məsələlər çox olduğu üçün yenidən yazmaq imkanı olmur. Atam bütün dostlara salamlarını, sevgilərini və təşəkkürlərini çatdırdı. Tapşırdı ki, dostlar onun səhhətinə görə narahat olmasınlar. Hər şey düzələcək”.

Azərbaycanın ünlü hüquqşünaslarından sayılan İntiqam Əliyev bu il avqustun 8-də həbs edilib. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə hüquq müdafiəçisinə qarşı Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 192.2-ci (qanunsuz sahibkarlıq) maddələri ilə ittiham elan olunub. Oktyabrın 24-də məhkəmə İntiqam Əliyevin həbs müddətini daha 3 ay uzadıb. Vəkil indi hazırda 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılır.

Qaynar.info