Xəbər lenti

İran DÇ-2026-nın ən şanssız komandası oldu: Uduzmadan evə döndülər
İdman 16:24 29.06.2026

İran DÇ-2026-nın ən şanssız komandası oldu: Uduzmadan evə döndülər

2026-cı il futbol üzrə dünya çempionatında İran millisi həm meydanda, həm də meydandan kənarda yaşadığı uğursuzluqlarla diqqət çəkib. Komanda turnir ərzində heç bir oyunda məğlub olmasa da, qrup mərhələsini keçə bilməyərək mübarizəni erkən başa vurub.

Qaynarinfo xəbər verir ki, İranın Misirlə keçirdiyi oyunda son dəqiqələrdə vurulan qələbə qolu VAR yoxlamasından sonra ofsayd səbəbindən ləğv edilib. Komandanın turnirdə qalmaq ümidi isə digər qrup oyunlarının nəticələrindən asılı olub.

"Time" jurnalı hadisəyə həsr etdiyi yazıda İranı "dünya çempionatının ən bəxtsiz komandası" adlandırıb. "CNN International" da komandanın üzləşdiyi uğursuzluqlar zəncirini geniş şəkildə işıqlandırıb.



İran seçməsi qrup mərhələsində Yeni Zelandiya ilə 2:2, Belçika ilə 0:0, Misirlə isə 1:1 hesablı heç-heçələr edib. Lakin bu nəticələr pley-off mərhələsinə yüksəlmək üçün kifayət etməyib.

Misirlə oyunun son anlarında Şoca Xəlilzadənin vurduğu qol VAR müdaxiləsindən sonra ofsayd səbəbi ilə qeydə alınmayıb. Bundan az sonra Xəlilzadənin baş zərbəsi dirəyə dəyərək meydanı tərk edib və İran qələbə şansını əldən verib. 

Oyundan sonra komandanın sağ cinah müdafiəçisi Ramin Rzaian jurnalistlərə açıqlama verərkən göz yaşlarını saxlaya bilməyib və komandanın yaşadığı uğursuzluqlardan danışıb.



İranın növbəti mərhələyə yüksəlməsi üçün üç ssenaridən birinin baş verməsi kifayət idi:

* Qananın Xorvatiyanı məğlub etməsi;
* Özbəkistanın Konqo Demokratik Respublikasına uduzmaması;
* Avstriya ilə Əlcəzair arasındakı oyunda heç-heçə qeydə alınmaması.

Lakin Xorvatiya Qananı 2:1, Konqo Demokratik Respublikası isə Özbəkistanı 3:1 hesabı ilə məğlub etdi. Beləliklə, İranın taleyi Avstriya - Əlcəzair görüşündən asılı qalıb. Əlcəzair 3:2 hesabı ilə önə keçdiyi anda İran növbəti mərhələyə yüksəlirdi. Ancaq Avstriya oyunun son anlarında hesabı 3:3 edib və bu nəticə İranın turnirlə vidalaşmasına səbəb olub. Nəticədə Avstriya 2 iyulda Los-Ancelesdə İspaniya ilə, Əlcəzair isə həmin gün Vankuverdə İsveçrə ilə qarşılaşacaq.

İran millisinin problemləri yalnız futbol meydanı ilə məhdudlaşmayıb. Ölkədə baş verən hərbi qarşıdurma səbəbindən komanda əvvəlcədən planlaşdırıldığı kimi ABŞ-ın Arizona ştatının Tuson şəhərində deyil, Meksikanın Tixuana şəhərində təlim-məşq toplanışı keçirmək məcburiyyətində qalıb.



Komandaya ABŞ ərazisinə yalnız oyun günlərində qısa müddətli girişə icazə verilib. Bundan əlavə, heyətin bəzi üzvlərinə ABŞ vizası verilməyib.

İran millisi və məşqçilər korpusu bu məhdudiyyətlərin məşq prosesinə və bərpa proqramına mənfi təsir göstərdiyini, ədalətli rəqabət şəraitini pozduğunu bildiriblər.

Turnirlə vidalaşdıqdan sonra İran Futbol Federasiyasının Media Departamenti komandaya dəstək göstərən jurnalistlərə və Tixuana sakinlərinə təşəkkür edərək onların qonaqpərvərliyini yüksək qiymətləndirib.

Aydın
--> -->