Xəbər verildiyi kimi, İran məhkəməsi Tehranın Bakıya yönəlik son addımlarının ardınca Ərdəbildə Qarabağ müharibəsi zamanı Azərbaycana dəstək aksiyasında saxlanılan 12 güneyli aktivistə toplam 15 il həbs və 888 zərbə şallaq hökmü çıxarıb.
Qaynarinfo xəbər verir ki, sosioloq aktivist Ramin Cabbarlı özünün Facebook səhifəsində İranla Azərbaycan arasında son baş verənlərin Güney Azərbaycana təsirindən yazaraq, burada iki məqamı xüsusi olaraq qeyd edib:
"Birinci, Azərbaycan hakimiyyəti İranın etdiklərinə "geri oturma" kimi cavab vermiş olsaydı, Qarabağ zəfərinin güneydə milli oyanışa müsbət təsirini ciddi şəkildə zədələmiş olacaqdı. Bu baxımdan Azərbaycan tərəfi çox yaxşı davrandı. Gələcəkdə də haqlı mövqeyini müdafiə etməklə Azərbaycan Cümhuriyyətinin güneyə müsbət təsirini görmək ən yaxşı hal olardı”.
Digər tərəfdən, R. Cabbarlıya görə, böyük ehtimalla, bundan sonra İran Azərbaycanın maraqlarını müdafiə edən milli hərəkat fəalları ilə əvvəlki dövrlərlə müqayisədə daha sərt davranacaq:
"Bəlkə də məhz bunun bir başlanqıcı olaraq, İran məhkəməsi Ərdəbildə Qarabağ müharibəsi zamanı saxlanılmış və işgəncəyə məruz qalmış fəallara həbs və şallaq hökmü oxudu. Bu hökmlərin başqa şəhərlərdə də davam edəcəyi gözlənilir”.
"İran hakimiyyəti və məhkəməsi ölkə Konstitusiyasını pozur və müsəlmanlara münasibətdə ikili standartdan çıxış edir”.
Bunu Qaynarinfo-ya açıqlamasında "Orta Doğu” Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan İran məhkəməsinin Güneyli aktivistlərə münasibətdə çıxardığı yuxarıda qeyd edilən hökmü dəyərləndirərkən deyib:
"Qarabağ müharibəsi zamanı Azərbaycana dəstək aksiyasında iştirak edənlərə qarşı İran məhkəməsinin çıxardığı hökm Tehran hakimiyyətinin Ana Yasanın 152 və 154-cü maddələrini pozmasının, yaxud bu maddələrdən irəli gələn baxışların ikili standartlara söykənməsinin nəticəsidir. Həmin maddədə bildirilir ki, İran bütün dünya müsəlmanlarının pənahı, yardımçısıdır. İran vətəndaşları küçələrə çıxaraq Fələstinə azadlıq tələb edir, hər il Orucluq ayının son cüməsində Qüds günündə fələstinlilərin haqq işini müdafiə edirlər. Azərbaycan dövləti də Fələstini tanıyır, onun haqqı işini müdafiə edir. İsraillə Fələstin arasında problemlərin danışıqlar yolu ilə həllinə tərəfdarıq. İran Ana Yasasının 152 və 154-cü maddələrinə əsasən fələstinlilərin haqq işi müdafiə olunursa, İran vətəndaşları tərəfindən Azərbaycanın haqq işi müdafiə olunanda niyə onlara münasibətdə şallaq vurma hökmü çıxarılır? Halbuki Güney azərbaycanlılar Ana Yasanın 152 və 154-cü maddələrinə uyğun olaraq qanuni formada etiraz aksiyası keçiriblər. Belə olan halda İran hakimiyyəti və məhkəməsi ölkə Konstitusiyasını pozur və ondan xəbərsizdir. Bu, həm də onu göstərir ki, İran hakimiyyəti "mənim müsəlmanım və mənim olmayan müsəlman” baxışı ilə müsəlmanları iki yerə bölür”.
Rüfət Sultan