Xəbər lenti

İran generalından Azərbaycan açıqlaması: Xoşniyyətli jest, yoxsa?..
Siyasət09:53 20.07.2023

İran generalından Azərbaycan açıqlaması: Xoşniyyətli jest, yoxsa?..

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Səfirliyə terror hücumu məsələsində konkret nəticə olmadan Baqeri və yaxud xarici işlər naziri Abdullahianın verdiyi bu kimi "xoşniyyətli” açıqlamalar elə söz olaraq qalacaq”. 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri İran Baş Qərargah rəisi Məhəmməd Baqerinin Azərbaycanla sərhəd məntəqəsindəki hərbi hissələrdə olarkən, Bakı ilə münasibətlərə toxunaraq, ölkəmiz barədə "xoş fikirlər” səsləndirməsinə münasibət bildirərkən deyib.
Politoloqun fikrincə, Baqerinin sərhədə gəlişi hərbi-siyasi hadisədir:
"Bu region ölkələrində həssas izlənilir və müzakirə predmetinə də çevrilir. Hətta bəziləri buna siyasi və geosiyasi baxımdan don geyindirməyə də çalışıblar. Hətta Rusiyada İranın Türkmənçay müqaviləsilə bağlı yenidən hərəkətə keçəcəyi haqqında proqnozlar da verilib. Bu kontekstdə mövcud ajiotajı söndürmək üçün müəyyən reaksiyaya ehtiyac var idi və Baqeri də onu əsas tutaraq, bu cür açıqlamalar verib. Düzdür, İranla Azərbaycan arasında buzların əriməsi və münasibətlərin tənzimlənməsinə yönəlik addımları hiss edirik. Ancaq Azərbaycan səfirliyinə terror hücumu ilə bağlı hadisə konkret hüquqi nəticə əldə etmədiyi təqdirdə, münasibətləri tənzimləmək mümkün olmayacaq. Çünki terror hadisəsi təkbaşına törədiləcək hadisə deyil. Dövlət hüquq-mühafizə orqanlarının dəstəyi səviyyəsində törədilən terror hadisəsidir. Ona görə İran sözdə belə "xoşniyyətli fikirlərlə” mühiti yumşaltmaq istəsə də, konkret hüquqi nəticələr olmadan bu mümkünsüz olacaq. Belə nəticə olmadan Baqeri və yaxud xarici işlər naziri Abdullahianın verdiyi açıqlamalar konkret hüquqi nəticə olmasa mənasız olacaq. İran ciddi təhlükəsizlik zəmanəti də verməlidir”. 
Qeyd edək ki, İran Silahlı Qüvvələri Baş Qərargahının rəisi Məhəmməd Baqeri Azərbaycanla sərhəd məntəqəsində olub. Bu barədə İranın "Tasnim” agentliyi məlumat yayıb. Baqeri Qərbi Azərbaycan əyalətinin Naxçıvan ilə sərhəddə yerləşən Poldəşt şəhərində və Araz çayı sahillərindəki hərbi hissələrə baş çəkib. 
Baş Qərargah rəisi şəxsi heyətin döyüş hazırlığı vəziyyətini yoxlayıb. Baqeri bildirib ki, Azərbaycan Respublikası ilə sərhəd və təhlükəsizlik məsələlərində heç bir problemimiz yoxdur. 
"Xoşbəxtlikdən Azərbaycanla əlaqələrimiz inkişaf edir, sərhəd və təhlükəsizlik məsələlərində heç bir problemimiz yoxdur. Əlhəmdülillah, iki ölkə arasında iqtisadi əlaqələr günü-gündən inkişaf edir və dərinləşir", deyə general-mayor Baqeri vurğulayıb. 
Rüfət Sultan